REGİONLAR
“Naxçıvan” Universitetinin tələbələri Ağbulaq İstirahət Mərkəzində olublar
Şahbuz, 10 iyul, AZƏRTAC
Muxtar respublikanın füsunkar təbiəti ilə seçilən Şahbuz rayonunun ərazisində yerləşən Ağbulaq İstirahət Mərkəzində təşkil edilən “Yay məktəbi” davam edir.
AZƏRTAC xəbər verir ki, “Yay məktəbi” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, “Naxçıvan” Universiteti, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının iştirakı ilə reallaşdırılır.
Ağbulaq İstirahət Mərkəzinin növbəti qonaqları “Naxçıvan” Universitetinin tələbələri olub. İstirahət mərkəzi ilə tanışlıqdan sonra onlar hər cür şəraitə malik otaqlarda yerləşdiriliblər. Üç gün müddətində təşkil olunan növbəti “Yay məktəbi”ndə “Naxçıvan” universitetində təhsil alan 60 tələbə iştirak edib.
Məktəbin ilk günü gənclər stolüstü idman oyunları oynayıb, onlar arasında “Nuh yurdu” intellektual oyunu keçirilib, günün sonunda isə gənclərə aprel döyüşlərindən bəhs edən “Qarabağa doğru” sənədli filmi nümayiş olunub. “Yay məktəbi”nin ikinci günü gənclər səhər gimnastikası ilə məşğul olub, iştirakçılar arasında müxtəlif idman oyunları keçirilib, onların Ağbulaq kəndi ərazisinə gəzintisi təşkil olunub, Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin kollektivi tələbələr qarşısında konsert proqramı ilə çıxış edib.
“Yay məktəbi”nin üçüncü günü isə gənclərin Şahbuz Dövlət Təbiət Qoruğuna gəzintisi təşkil olunub. Gəzintilər zamanı çəkilmiş foto şəkillərin müsabiqəsi keçirilib, fərqlənən foto şəkillərin müəllifləri, həmçinin “Nuh yurdu” İntellektual Oyununda və “Yay məktəbi”ndə fəal iştirak edən gənclər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanları ilə təltif edilib. Günün sonunda gənclər Naxçıvan şəhərinə yola düşüblər.