REGİONLAR
Naxçıvan ədəbi mühiti həmişə Azərbaycan ədəbiyyatına parlaq ədəbi simalar, qiymətli əsərlər bəxş edib
Naxçıvan, 30 sentyabr, AZƏRTAC
“Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə “XX əsr Naxçıvan ədəbi mühitində dil məsələləri” mövzusunda elmi konfrans olub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konfransda çıxış edən ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva Naxçıvan ədəbi mühitinin Azərbaycan ədəbiyyatının xüsusi tərkib hissəsi olduğunu vurğulayıb. Rektor qeyd edib ki, bu ədəbi mühit qədim dövrlərdən orta əsrlərə, yeni dövrdən müasir dövrə qədər həmişə Azərbaycan ədəbiyyatına parlaq ədəbi simalar, qiymətli əsərlər bəxş edib. XX əsr Naxçıvan ədəbi mühiti də Azərbaycan və dünya ədəbiyyatına onlarca görkəmli şair və yazıçı bağışlayıb.
Daha sonra Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri professor Sədaqət Həsənovanın “Qafar Qərib dil, üslub xüsusiyyətləri”, dosent Qənirə Əsgərovanın “Naxçıvan onomastikasında Firudin Rzayevin rolu” və Xuraman Hacızadənin “Fonetika və fonologiya problemlərinin həllində naxçıvanlı dilçi alimlərin rolu” mövzusunda çıxışları dinlənilib.
Bildirilib ki, XX əsrin əvvəllərində Naxçıvanda mədəniyyətin inkişafına xidmətləri keçmiş mütəfəkkirlərdən Cəlil Məmmədquluzadənin, Əliqulu Qəmküsarın, Məmməd Səid Ordubadinin, Mirzə Cəlil Şürbinin (Mirzəyev), Eynəli bəy Sultanovun, Qurbanəli Şərifzadənin, Hüseyn Cavidin və Əli Səbrinin adlarını fəxrlə çəkə bilərik. Müasir dövrümüzdə də Naxçıvan ədəbi mühiti özünün fəallığı ilə seçilir.