REGİONLAR
“Naxçıvan ədəbi mühiti: uşaq ədəbiyyatının inkişaf istiqamətləri və problemləri” kitabının təqdimat mərasimi keçirilib
Naxçıvan, 27 oktyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) elmi kitabxanasında universitetin kitabxanaçılıq kafedrasının müdiri, dosent Nəzakət İsmayılovanın “Naxçıvan ədəbi mühiti: uşaq ədəbiyyatının inkişaf istiqamətləri və problemləri” kitabının təqdimat mərasimi olub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yeni nəşrin Naxçıvan ədəbi mühitinin Azərbaycan uşaq ədəbiyyatının təşəkkülündəki rolunu ortaya çıxarmaq, gənc ədəbi nəsli uşaqlarla bağlı yaradıcılığa istiqamətləndirmək kimi elmi dəyərlərindən danışıb, müəllifə yaradıcılıq uğurları arzulayıb.
Tarix-filologiya fakültəsinin dekanı, dosent İman Cəfərli “Uşaq ədəbiyyatının tədqiqində yeni mərhələ” adlı məruzəsində məhsuldar elmi fəaliyyətlə məşğul olan Nəzakət İsmayılovanın 4 kitab, 100-dən artıq elmi məqalənin müəllifi olduğunu, bir sıra beynəlxalq konfrans və simpoziumlarda iştirak etdiyini xatırladıb.
Qeyd olunub ki, kitab Naxçıvan ədəbi mühitinin uşaq ədəbiyyatı sahəsində qazandığı nailiyyətləri, iyirmiyə yaxın şair və yazıçının yaradıcılığını öyrəndiyi üçün Naxçıvanşünaslığa layiqli töhfə hesab oluna bilər.
Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Eyvazov “Klassik və müasir uşaq ədəbiyyatı yaradıcılarının uğurlu tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.
Kitabın müəllifi, dosent Nəzakət İsmayılova universitet rəhbərliyinə, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, Naxçıvanda yaşayan uşaq yaradıcılarının əsərlərindən ibarət antalogiyanın tərtibi və digər yaradıcılıq planlarından danışıb.