REGİONLAR
Naxçıvan idman tarixində ilk – kikboksçular dünya çempionatında 7 medal qazanıblar
Naxçıvan, 17 dekabr, AZƏRTAC
Türkiyənin Antalya şəhərində keçirilən universal döyüş üzrə dünya çempionatında Azərbaycan yığma komandasının heyətində Naxçıvan Kikboksinq Federasiyasının 6 idmançısı da iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təmsilçilərimizdən 5-i ümidləri doğruldaraq mükafatçılar sırasına düşüb.
Dörd gün davam edən turnirə 32 ölkədən, ümumilikdə, 400-dən çox idmançı qatılıb. Qızlar arasında 12-13 yaş kateqoriyası üzrə 47 kiloqram çəki dərəcəsində mübarizə aparan Röya Abdullayeva klassik və layt versiyaları üzrə qalib olaraq 2 qızıl medal qazanıb. Röya bu nəticə ilə Naxçıvan idmanı tarixində dünya çempionu olan ilk qız idmançı adına sahib olub. Son bir ildə uğurları ilə diqqət çəkən Sadiq Kərimov dünya kubokundakı qalibiyyətin ardınca ilin növbəti çempionluq sevincini yaşayıb. O, 12-13 yaş kateqoriyası üzrə 45 kiloqram çəki dərəcəsində hər iki versiyada qalib olaraq qızıl medallara layiq görülüb. Digər təmsilçilərimizdən Rəhim Əşrəfov (18-20 yaş, 65 kiloqram), Fərid Məhərrəmov (16-17 yaş, 60 kiloqram) və Miryusif Seyidbəyli (16-17 yaş, 60 kiloqram) yalnız finalda məğlub olaraq ikinciliklə kifayətləniblər.
Bu nəticələrə əsasən, Naxçıvan idmançıları dünya çempionatını 4 qızıl və 3 gümüş medalla tamamlayıblar.