REGİONLAR
Naxçıvan idmançıları Gürcüstanda keçirilən yarışlarda uğurlu nəticələr əldə ediblər
Naxçıvan, 26 sentyabr, AZƏRTAC
Naxçıvan Atletika Federasiyasının idmançısı Əmrah Nağıyev və bədii gimnastika üzrə baş məşqçisi Humay Qafarova Tbilisi şəhərində keçirilən beynəlxalq miqyaslı yarışlarda uğurlu nəticələrə imza atıblar.
Muxtar respublika Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Əmrah Nağıyev sentyabrın 25-də keçirilən “Tbilisi Marafonu 2022”də fərqlənərək yarış medalçılarından biri olub. Onuncu dəfə reallaşan ənənəvi turnirdə Əmrah 1370 nəfərin qatıldığı 10 kilometr məsafəyə qaçış yarışında ən yaxşı nəticə göstərən 10-cu, 20-24 yaş kateqoriyasında isə 3-cü idmançı olub. Atletimiz start xəttindən finişədək 37 dəqiqə 29 saniyə vaxt sərf edib. Bu isə orta hesabla hər 1 kilometr məsafə üçün 3 dəqiqə 44 saniyəyə bərabərdir.
Humay Qafarova isə sentyabrın 23-dən 25-dək gimnastika hamı üçün növü üzrə keçirilən Tbilisi Gimnastradasında ölkəmizi təmsil edən “Ay işığı” komandasının tərkibində çıxış edib. Gürcüstan və Azərbaycandan, ümumilikdə, 14 komanda daxilində 130 gimnastın qatıldığı yarışda təmsilçilərimizdən “Zirə Eko Park” idman klubu, “Ay işığı” və “Alov” komandaları qızıl medal və sertifikatlarla təltif olunublar.