ELM VƏ TƏHSİL


“Naxçıvan” jurnalının növbəti nömrəsi çapdan çıxıb

“Naxçıvan” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Bakı, 18 sentyabr, AZƏRTAC

“Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının növbəti sayı çapdan çıxıb. Yeni nəşr 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunub.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirilib ki, nəşrin ilk səhifəsində ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı verilib. Bununla yanaşı, Prezident İlham Əliyevin “1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamı və “1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı və həmin Sərəncama əsasən təsdiq olunmuş Tədbirlər Planı jurnalın ön səhifələrində yer alıb.

Jurnalın “Erməni vəhşiliyi məqalələrdə” adlı birinci bölməsində akademik İsmayıl Hacıyevin “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və soyqırımı siyasəti”, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Muxtariyyət ərəfəsində ermənilərin Naxçıvanda törətdikləri qırğınlar”, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “XX əsrin əvvəllərində azərbaycanlıların soyqırımı və pərdəarxası məqamları” sərlövhəli məqalələrində ermənilərin Naxçıvanda həyata keçirdikləri soyqırımları geniş təhlil olunub. Azərbaycan və Osmanlı arxiv sənədlərindən toplanılan materiallar, elmi nəşrlərə istinad edilən faktlar əsasında hazırlanan məqalələrdə ermənilərin Azərbaycana, eləcə də Naxçıvana köçürülməsi prosesi, köçürülən ermənilərin bundan sonrakı ərazi iddiaları, onların Naxçıvanda törətdikləri qanlı cinayətlərdən bəhs olunub. Faktlara nəzər saldıqda aydın olur ki, o zaman 73.727 nəfər insan ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Jurnalda, həmçinin “Erməni vəhşiliyi əsərlərdə”, “Erməni vəhşiliyi rəsm əsərlərində”, “Erməni vəhşiliyi arxiv sənədlərində”, “Erməni vəhşiliyi fakt və rəqəmlərdə” başlıqlı bölmələr də oxuculara təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.