REGİONLAR
“Naxçıvan” komandası basketbol üzrə muxtar respublika turnirinin qalibi olub
Naxçıvan, 16 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Heydər Əliyev kuboku” uğrunda 2002-2003-cü illər təvəllüdlü yeniyetmə oğlanlar arasında keçirilən basketbol üzrə Naxçıvan Muxtar Respublika turniri başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi turnirdə dörd komanda dairəvi sistem üzrə mübarizə aparıb.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində təşkil olunan turnirin son günündə əvvəlcə meydana “Babək” və “Şərur” komandaları çıxıb. Bu görüşdə qələbəni babəklilər bayram ediblər. Günün ikinci – “Ordubad”-“Naxçıvan” matçı gərginliyi ilə yadda qalıb. Son dəqiqələrə kimi üstünlüyü əldən verməyən Naxçıvan təmsilçisi meydanı 35:34 hesablı qələbə ilə tərk edib.
Ümumi nəticədə daha çox xal toplayan “Naxçıvan” komandası turnirin qalibi olub. “Babək” və “Ordubad” komandaları ikinci və üçüncü yerlərlə kifayətləniblər.
Sonda qaliblər diplom, fəxri fərman və hədiyyələrlə təltif olunublar. Turnirin qalibi – “Naxçıvan” komandası isə “Heydər Əliyev kuboku”na layiq görülüb.
Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, təhsil naziri Rəhman Məmmədov və Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədri Mahir Əliyev təqdim ediblər.