REGİONLAR


Naxçıvan: maddi dəyərlərin insan kapitalına çevrildiyi məkan, inkişaf və tərəqqi ünvanı

Naxçıvan, 8 sentyabr, AZƏRTAC

Unudulmaz tarixi şəxsiyyətlərdən biri olan Mahatma Qandi deyirdi ki, “Dünyada xalqın inamını, etimadını qazanmaqdan, xalqın güvənc yeri olmaqdan böyük xoşbəxtlik yoxdur”. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də bütün mənalı ömrü boyu daim xalqımızın güvənc yeri olub. Dahi şəxsiyyət muxtar respublikamızın ən çətin günlərində – 1990-cı il iyul ayının 22-də Naxçıvana gəlib, naxçıvanlılar Onu, O da Naxçıvanı qoruyub. Həmin il 340 nömrəli Nehrəm Seçki Dairəsindən ulu öndərin Azərbaycan SSR Xalq deputatlığına namizədliyi irəli sürülüb. Görkəmli dövlət xadimi Nehrəmə gələrək burada seçiciləri ilə görüşüb. Onun seçicilərlə görüşdüyü həmin ünvan bu gün Nehrəmdə müqəddəs bir yer sayılır. Bu ünvanda Heydər Əliyev Parkı salınıb, Ümummilli Liderin yüksəklərə qaldırdığı Azərbaycan bayrağı parkın mərkəzində ucaldılıb. Avqustun 5-də Nehrəm kəndində Heydər Parkı istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Nehrəm kəndində Heydər Parkının istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək deyib: “Son illər Nehrəm kəndində geniş quruculuq işləri aparılmış, yeni məktəb binaları, musiqi məktəbi, rahat yol, xəstəxana tikilmiş, içməli su və kanalizasiya xətti çəkilmiş, rabitə və elektrik xətləri yenilənərək sakinlərin istifadəsinə verilmişdir. Bu gün açılışı olan Heydər Parkı da kənddə həyata keçirilən quruculuq tədbirlərinin davamıdır. Müasir sosial obyektlər və yaradılan infrastruktur imkan verir ki, Nehrəm kəndi daha da inkişaf etsin. Bütün bunlar isə insanlarda dövlətə inamı yaradır, onların rahat yaşayışına xidmət edir. Heydər Parkında istirahət edənlər də 1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevin Nehrəm kənd sakinləri ilə görüşlərini xatırlayacaq, o çətin və tarixi günləri bir daha yada salacaqlar”.

Muxtar respublikanın ən böyük kənd yaşayış məntəqəsi olan Nehrəm kəndi aparılan quruculuq işlərindən sonra bu gün müasir görkəmə qovuşub. Son illər istifadəyə verilən sosial obyektlər, yaradılan müasir yol infrastrukturu, yeni iş yerlərinin açılması kənddə məskunlaşmanı artırıb, əhalinin rifahı xeyli yaxşılaşıb. Öz keçmişinə, dini dəyərlərinə və adət-ənənələrinə sadiq olan Nehrəm kəndinin əhalisi görülən bu işləri yüksək qiymətləndirirlər. Bu gün Nehrəmdə aparılan quruculuq işləri ümumi inkişafımızın tərkib hissəsi olmaqla yanaşı, həm də dövlətin bu yaşayış məntəqəsinə göstərdiyi qayğının daha bir ifadəsidir. Burada kənd təsərrüfatının inkişafı sahəsində görülən işlər torpağa bağlı olan kənd sakinlərinin daha əzmlə çalışmasına səbəb olub.

Təbii-iqlim şəraiti Nehrəmdə üzümçülüyün inkişaf etdirilərək istehsalının artırılmasına, əhalinin müxtəlif çeşidli və yüksək keyfiyyətli süfrə üzümünə və emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. Ölkəmizdə və muxtar respublikada qəbul edilən dövlət proqramlarına uyğun olaraq həyata keçirilən tədbirlər bu yaşayış məntəqəsində də yeni üzümçülük təsərrüfatlarının yaradılmasına və üzümçülüklə məşğul olan sahibkarların sayının artmasına səbəb olub.

Avqustun 5-də Ali Məclisin Sədri Babək rayonunun Nehrəm kəndində yaradılan üzümçülük təsərrüfatına baxıb, aqrar sahənin inkişafında rentabelli işləyən təsərrüfatların yaradılmasının əhəmiyyətini vurğulayıb, bu təsərrüfatın yaradılmasında əməyi olanlara təşəkkür edib, müvafiq tapşırıq və tövsiyələrini verib.

Bu gün muxtar respublikanın yaşayış məntəqələrində müasir infrastruktur yaradılır, rayon mərkəzləri ilə dağ kəndlərini, eləcə də paytaxt Naxçıvan şəhəri ilə ətraf kəndləri birləşdirən avtomobil yolları yenilənir, kənd yaşayış məntəqələrində içməli su və kanalizasiya şəbəkələri qurulur.

Avqustun 18-də Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhəri ilə birləşdirən avtomobil yolu, eyni zamanda, həmin yaşayış məntəqələrində yeni içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib.

Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirlərdə iştirak edib.

Cəmiyyətin tərəqqisinin hərəkətverici qüvvəsi olan təhsil intellektual potensialı formalaşdırır, hüquqi cəmiyyətin qurulmasında əvəzsiz rol oynayır, vətəndaşı cəmiyyətdə ən məhsuldar təfəkkürlü qüvvəyə çevirir, milli və mənəvi dəyərləri qoruyur və tənzimləyir, insan kapitalını formalaşdırır. Sevindirici haldır ki, bu işlər Naxçıvanda diqqət mərkəzində saxlanılır, muxtar respublikamızda təhsilin inkişafı sahəsində çox böyük işlər görülür. Bütün yaşayış məntəqələrində şagirdlərin istifadəsinə müasir məktəb binaları, tədris avadanlıqları, sürətli internetə çıxışı olan 4 min 242 kompüter, 600-ə yaxın elektron lövhə, zəngin fonda malik kitabxanalar, laboratoriyalar və idman zalları verilib. Yaradılan şərait isə öz bəhrələrini verməkdədir. Belə ki, 2017-ci ildə ümumtəhsil məktəblərini 2 min 758 məzun bitirib. Heydər Əliyev adına Hərbi Liseyin məzunları ilə birgə bu il ali hərbi məktəblərə və digər ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 2 min 331 nəfər olub. Bu isə, ümumilikdə, məktəbi bitirən məzunların 78,4 faizi deməkdir. Məzunlardan 151-i xüsusi təyinatlı ali məktəblərə, ümumi orta təhsil bazasından isə 1150 məzun orta ixtisas məktəblərinə qəbul üçün sənəd verib. Qəbul imtahanlarında məzunları yüksək nəticələr göstərən məktəblərin sayı 108-ə çatıb.

Avqustun 21-də muxtar respublikanın ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.

Ali Məclisin Sədri tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək deyib: “Yaşadığımız dövr bizdən daha mükəmməl təhsil almağı, elmi biliklərə və peşələrə dərindən yiyələnməyi tələb edir. Gənclik və təhsil məsələlərinə münasibətdə belə bir fikir özünü daha aydın şəkildə büruzə verir ki, güc - bilikdədir. Ölkələrin gücü isə onların malik olduqları təhsilli və vətənpərvər gəncliklə, milli kadr potensialı ilə ölçülür. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası da ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb. Bu gün dahi şəxsiyyətin ideyaları Naxçıvan Muxtar Respublikasında böyük yaradıcı gücə çevrilib. Elm və təhsil quruculuğunda müasir dövrün çağırışları nəzərə alınır, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi “Maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi” prinsipi ardıcıl şəkildə icra olunur”.

Bu gün muxtar respublikamızda təhsilin inkişafı sahəsində çox böyük işlər görülüb. Bütün yaşayış məntəqələrində şagirdlərin istifadəsinə müasir məktəb binaları, tədris avadanlıqları, sürətli internetə çıxışı olan 4 min 242 kompüter, 600-ə yaxın elektron lövhə, zəngin fonda malik kitabxanalar, laboratoriyalar və idman zalları verilib. Yaradılan şərait artıq öz bəhrəsini verir. Tələbələrlə görüşdə onlara pul mükafatı ilə yanaşı, “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” kitabı təqdim olunub. Bu isə milli tariximizin bütün dövr və mərhələlərini yüksək peşəkarlıqla qiymətləndirən, ötən əsrlərdə baş vermiş ictimai-siyasi proseslər barədə obyektiv mülahizələr səsləndirən və gələcək inkişaf yolumuzu müəyyənləşdirən dahi şəxsiyyətin irsinə sədaqətin böyüklüyünü gənclərin diqqətinə çatdırmaq baxımından əhəmiyyətlidir.

Naxçıvan Muxtar Respublikasında bu gün davamlı inkişaf və sabitliklə yanaşı, həm də sağlam mənəvi mühit formalaşıb. Gələcəyimiz olan uşaqlar milli ruhda tərbiyə olunur, hərtərəfli təhsil alır, yüksək diqqət və qayğı əhatəsində yüksək intellektual səviyyəyə malik vətənpərvər bir vətəndaş kimi yetişdirilir. Hər bir valideyn fəxr edir ki, övladı ən müasir şəraiti olan məktəblərdə təhsil alır. Bütün bunlar müasir Naxçıvanda təhsilin inkişafını göstərməklə yanaşı, həm də etibarlı gələcəyimizdən soraq verir.

Bir millətin əsrlərboyu yaşadığı, adətinin, ənənəsinin, varlığının, milli şüurunun, birliyinin dəyişməz ünvanı olan Vətən təkcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən sonsuz sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Çünki elimiz, obamız bu torpaqlardadır. Əcdadlarımız bu torpaqlarda uyuyurlar. Onlar bu torpaqlarda yaşayıb, onu canları, qanları bahasına qoruyub, şəhidlik zirvəsinə ucalıblar, ancaq həmişə Vətən sərhədlərinin toxunulmazlığını təmin ediblər. Məhz ona görə də milli atributumuz olan sərhədlərimiz müstəqil dövlətimiz üçün müqəddəsdir. Ali Məclis Sədrinin dediyi kimi: “Sərhəd dövlətimiz üçün müqəddəsdirsə, sərhədçi olmaq, sərhədləri qorumaq isə şərəfli işdir”.

1991-ci ildə Azərbaycanda dövlət müstəqilliyi elan olunan gündən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında sərhədlərin milli sərhəd qüvvələri tərəfindən qorunması zərurəti yaranıb. Həmin vaxt Sovetlər Birliyinin Naxçıvandakı sərhədlərində 41-ci Sərhəd Dəstəsi dayanmışdı. Sərhədin Ordubad və Sədərəkdən keçən hissəsinin mühafizəsini aparan sərhəd zastavaları Ermənistan ərazisindəki sərhəd dəstəsinin tabeliyində idi. O dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan ulu öndər Heydər Əliyevin səyi ilə həmin sərhəd zastavaları Naxçıvandakı 41-ci Sərhəd Dəstəsinin tabeliyinə verilib. Mühüm siyasi və tarixi əhəmiyyət daşıyan bu addım muxtar respublikanın sərhədlərinin etibarlı müdafiəsini və milli sərhəd dəstəsinin yaradılmasını şərtləndirib. 1992-ci il avqustun 22-də Naxçıvandakı sərhəd dəstəsində Ulu Öndərin rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanın üçrəngli bayrağı qaldırılıb və ölkəmizin ilk milli sərhəd dəstəsinin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2004-cü ildə Naxçıvan Sərhəd Dəstəsinin bazasında “Naxçıvan” Sərhəd Diviziyası yaradılıb, 2015-ci ildə Sərhəd Diviziyası “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına çevrilib. Bununla da, muxtar respublikanın sərhədlərinin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoyub. Son illər müasir sərhəd zastava kompleksləri tikilərək istifadəyə verilib, maddi-texniki baza gücləndirilib, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb, şəxsi heyətin peşəkarlığı artırılıb.

Avqustun 22-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 25-ci ildönümü qeyd olunub.

Ali Məclisin Sədri “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 25-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edib, sərhədçi ailələri ilə görüşüb.

Muxtar respublikamızda bütün sahələrdə inkişaf proseslərinin davamlı xarakter alması, qarşıya çıxa biləcək problemlərin vaxtında həllinə nail olunması istiqamətində ardıcıl işlər görülür. Kəskin kontinental iqlimə malik olan Naxçıvanda payız-qış mövsümünə hazırlıq da daim diqqət mərkəzində saxlanılır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvanın bütün yaşayış məntəqələri elektrik enerjisi və təbii qazla tam təchiz olunub. Bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin balansında olan 8 elektrik stansiyasından 7-si son 20 ildə istismara verilib. Bu stansiyalar vasitəsilə muxtar respublikanın elektrik enerjisinə olan tələbatı ödənilir.

Bununla yanaşı, əhalinin sayının artmasına paralel olaraq, məskunlaşma səviyyəsinin də ilbəil artması, yeni yaşayış məhəllələrinin salınması, sənaye və digər enerji tutumlu müəssisələrin istifadəyə verilməsi elektrik enerjisinə, təbii qaza olan tələbatı artırır. Artan tələbata uyğun olaraq ənənəvi enerji mənbələri ilə yanaşı alternativ və bərpa olunan enerji mənbələrindən də istifadə diqqət mərkəzində saxlanılır, muxtar respublikanın relyef və iqlim xüsusiyyətləri nəzərə alınaraq yeni stansiyaların quraşdırılması davam etdirilir. Hazırda Ordubad rayonu ərazisində su elektrik stansiyasının tikintisi davam etdirilir. Energetika infrastrukturunun yenilənməsi də nəzarətdə saxlanılır, mövcud yarımstansiyalarda yenidənqurma işləri aparılır. İstehlakçıların təbii qazla təchizatının daha da yaxşılaşdırılması, yol verilmiş itkilərin minimal həddə saxlanılması istiqamətində işlər davam etdirilir. İstismar müddətini başa vurmuş, qəzalara və qaz sızmalarına səbəb ola biləcək xətlərin dəyişdirilməsi üçün tədbirlər görülür.

Görülmüş etibarlı tədbirlərlə yanaşı, muxtar respublikada payız-qış mövsümünə hazırlıq işləri hələ isti yay aylarından başlanır, payız-qış mövsümünə hazırlıqla bağlı konkret hədəflər müəyyənləşdirilir, bununla bağlı müvafiq tapşırıqlar verilir.

Avqustun 26-da Naxçıvan Muxtar Respublikasında 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.

Müşavirədə payız-qış mövsümündə nəqliyyatda hərəkətin təhlükəsizliyinin təmin edilməsi, yaşayış obyektlərinin, səhiyyə, təhsil, mədəniyyət və digər müəssisələrin istiliklə təminatı, tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarükü, muxtar respublika ərazisindəki hərbi hissələrdə qış mövsümü üçün tələb olunan ehtiyatların, eləcə də sərhəd zonalarındakı hərbi hissələrin yanacaqla təchizatı və ərzaq ehtiyatının yaradılması və digər mühüm məsələlərlə əlaqədar konkret tapşırıqlar verilib.

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ixtisaslı kadr potensialının formalaşdırılması və maddi-texniki bazasının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Avqustun 28-də komitənin yeni inzibati binasının istifadəyə verilməsi bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib, binada yaradılan şəraitlə tanış olub, istehsal müəssisələrində və xidmət sahələrində maarifləndirmə və izahat işlərinin davam etdirilməsi, səmərələşdirici təkliflərin hazırlanması və patentlərin verilməsi sahəsində fəaliyyətin təşkili ilə bağlı tapşırıqlar verib, qarşıya qoyulan vəzifələrin icrasında komitə əməkdaşlarına uğurlar arzulayıb.

On ikinci əsrin görkəmli siyasətçisi Nizamül-mülk deyirdi: “Xalqın iradəsi ilə rəhbərin dühası birləşdikdə ölkə möhkəmlənər, gündən-günə inkişaf edər”. Biz bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda bunun canlı şahidi oluruq. Bugünkü Naxçıvan inkişaf və sabitlik dövrünü yaşayır. Düşmənlərimiz bu diyarı blokada vəziyyətində saxlasa da, dünyadan təcrid etməyə çalışsa da, heç vaxt kataklizmlər burulğanına yuvarlada bilməyib. İnkişaf, tərəqqi yolunda inamla irəliləyən, müstəqillik ideallarımızın mənbəyi, ərazi bütövlüyü uğrunda mübarizəmizin simvolu olan Naxçıvan təhlükəli niyyətləri birdəfəlik dəf etməyə qadir olduğunu göstərib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün bizim yolumuz açıqdır. Bu yolun təməlini Ulu Öndər qoymuşdur... Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz”.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.