REGİONLAR
“Naxçıvan marafonu – 2022” başa çatıb
Naxçıvan, 11 may, AZƏRTAC
Muxtar respublikada ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən “Naxçıvan marafonu – 2022” başa çatıb. Yarış Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı, “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin sponsorluğu ilə baş tutub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yaşı 14-dən yuxarı şəxslərin iştirak etdiyi marafon saat 11:00-da İlham Əliyev adına Olimpiya İdman Kompleksinin qarşısından start götürüb və Uzunoba gölü ətrafında başa çatıb. Yarışda iştirak üçün, ümumilikdə, iki mindən çox şəxs qeydiyyatdan keçib. Bununla yanaşı, marafonda dövlət qulluqçuları, hərbçilər, mədəniyyət və incəsənət xadimləri, idmançılar, paralimpiyaçılar, ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər. Yarışa muxtar respublikada fəaliyyət göstərən 60-dan çox təşkilat və şirkətin təmsilçiləri də qoşulub.
Marafon iştirakçıları Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksinin yerləşdiyi prospektdən, Xətai məhəlləsindən, daha sonra Şıxmahmud və Xəlilli kəndlərindən keçərək Nəbatat bağını, oradan da Uzunoba gölü ətrafını əhatə edən marşrut xətti ilə irəliləyiblər. Yarışın fan zonası finiş nöqtəsində – marafon şənliyi təşkil olunub. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar, hədiyyəli oyunlar və sərin içkilər təqdim edilib.
Sonra qadın və kişi kateqoriyaları üzrə qaliblərə pul mükafatları təqdim olunub. Həmçinin dördüncü-onuncu yerləri tutan hər kəsə “Naxtel” MMC-nin və “Badamlı” şirkətinin qiymətli hədiyyələri verilib.
Qeyd edək ki, “Naxçıvan marafonu – 2022”ni yüzlərlə könüllü gənc dəstəkləyib.