CƏMİYYƏT
Naxçıvan məktəbliləri Bakıda: tur-aksiyanın xoş təəssüratları
Bakı, 26 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasından Bakıya gələn məktəblilər martın 26-da “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar.
AZƏRTAC xəbər verir ki, əsl bayram ab-havası ilə qarşılanan. məktəblilərə qədim abidənin tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Bakının 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi” bütün dünyada tanınır. Qədim dövrlərdə bu ərazidə zərdüşti atəşpərəstlərin məbədi yerləşib. “Atəşgah məbədi”nin ən erkən tikilisi 1713-cü ilə aiddir. XVIII əsrdə məbədin ətrafında ibadətgah, hücrələr, karvansara inşa edilib.
2012-ci ilin sentyabr ayından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədə bitişik ərazilərdə abadlıq işləri aparılıb, yardımçı binalar tikilib. Hazırda qədim atəşpərəst məbədi dünyanın hər yerindən turistləri cəlb edir.
Daha sonra naxçıvanlı məktəblilər “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda olublar. Onlara məlumat verilib ki, qoruq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 1988-ci ildə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Ərazisi 81,5 hektar olan qoruqda 266 memarlıq və arxeoloji abidə qorunur. Bu abidələrin qorunması və qoruğun daha da zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb.
Şagirdlər kompleksdəki arxeoloji qalereyaya, orta əsrlərə aid yaşayış evlərinin konservasiya olunmuş qalıqlarına, qədim dulusçuluq, xalçaçılıq, dəmirçilik sənətinin nümunələrinə maraqla tamaşa ediblər.
Sonra məktəblilər qoruğun ərazisində fəaliyyət göstərən Qala Əntiq Əşyalar muzeyi, Qala qəsri və buradakı “Tullantıdan sənətə” muzeyi, Zirə Mədəniyyət Mərkəzi və Eko-Park ilə tanış olublar. Xüsusi layihə əsasında tikilmiş Zirə Mədəniyyət Mərkəzində yerləşən qalereya, fotostudiya, art-studiya, elektron kitabxana, IDEA resurs mərkəzi tur-aksiya iştirakçılarında xüsusi maraq doğurub.
Tur-aksiya çərçivəsində Zirə Xalça Muzeyində, Xalçaçılıq Tədris Mərkəzində də olan məktəblilər ekskursiyadan zəngin biliklərlə və xoş təəssüratla qayıdıblar.