REGİONLAR


Naxçıvan şəhər ümumtəhsil məktəblərində “Mütaliə aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir

Naxçıvan, 17 aprel, AZƏRTAC

Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərində “Mütaliə aylığı” çərçivəsində tədbirlər təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə III sinif şagirdləri arasında “Atalar sözləri” kitabının müzakirəsi təşkil olunub. Atalar sözləri şagirdlərin təfəkkürü ilə izah edilməyə çalışılıb, çatdırılmaq istənilən fikirlər təhlil edilib.

X X X

Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbdə ölkəmizin görkəmli ziyalılarından olan Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi keçirilib. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Qahirə Qənbərova çıxış edərək ədibin həyat və yaradıcılığından bəhs edib. Bildirib ki, Naxçıvanın görkəmli şəxsiyyətləri haqqında söhbət açıldığı zaman Eynəli bəy Sultanov xalqın problemləri və onların həlli üçün məqsədəuyğun addımları özündə əks etdirən məqalələr yazıb, bu məqalələrdə dövrünün ictimai eyiblərini tənqid edib, həmin dövrdə xalqdan eşitdiyi atalar sözləri və məsəllərə xüsusi yer verib.

Sonda məktəbin VI, IX sinif şagirdləri tərəfindən ədibin “Novruz bayramı”, “İki oğul”, “Naxçıvan məktubları” məqalələri oxunub, müzakirə edilib.

X X X

Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə Naxçıvan şəhər Ekoloji Tərbiyə Mərkəzinin metodist və dərnək rəhbəri ilə birlikdə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib.

Dahi şairin həyatı haqqında kitabxana müdiri Tükaz Əliyeva, yaradıcılığı haqqında isə Göyərçin Muxtarova çıxış ediblər.

Daha sonra məktəbin Uşaq birliyi təşkilatının rəhbəri Vüsalə Qafarova tərəfindən “Nuşirəvan və bayquşların söhbəti” hekayəsi təhlil edilib. Sonda Nizami Gəncəvinin kitablarından ibarət sərgiyə baxış olub.

X X X

Silsilə tədbirlər Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə də davam etdirilib, oxunması zəruri olan kitabların siyahısına daxil olan Ernest Heminqueyin “Qoca və Dəniz” povestinin müzakirəsi keçirilib. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülü Əliyeva və VII sinif şagirdləri tərəfindən təşkil olunmuş müzakirədə elektron lövhədə kitab haqqında hazırlanan slayda baxış olub, şagirdlər povestin məzmunu haqında öz fikirlərini səsləndiriblər.

Həmçinin məktəbdə Günay Gülməmmədova və V sinif şagirdlərinin iştirakı ilə “Nizaminin hikmət və nəsihətləri” kitabının müzakirəsi keçirilib.

X X X

Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbdə isə şagirdlərin hazırladıqları məruzələrin müzakirəsi aparılıb.

Əvvəlcə məktəbin kitabxana müdiri Maral Əliyeva “Oxunması zəruru olan kitablar” haqqında məlumat verib.

Sonra məktəbin IX sinif şagirdləri Aytən Əliyevanın “Cəlil Məmmədquluzadənin hekayələri”, Aygün Qasımovanın “İslamda müdrik kəlamlar”, Sevgi Hüseynovanın Nəsirəddin Tusinin “Əxlaqi–Nasiri”, Tutu Məhərrəmovanın isə “Atalar sözləri” haqqında məruzələri dinlənilib, fikir mübadiləsi aparılıb.

X X X

Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin və Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbinin şagirdlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə dahi söz ustadının zəngin yaradıcılıq yoluna nəzər salınıb, sənətkarın əsərlərindən hissələr şagirdlər tərəfindən səhnələşdirilib, xəmsəyə daxil olan poemalar haqqında ətraflı məlumat verilib. Nizami Gəncəvinin “Yaralı uşağın dastanı”, “Kərpickəsən kişinin dastanı” əsərləri şagirdlər tərəfindən səhnələşdirilib. Şairin portreti məktəbin VI sinif şagirdi Qəmər İsmayılova tərəfindən çəkilib.

X X X

“Əsrlərin şairi Nizami” mövzusunda dəyirmi masa Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbinin kollektivinin iştirakı ilə keçirilib. Tədbirdə bildirilib ki, böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabın, mütaliənin mühüm rolu vardır. Poeziyamızın sönməz günəşi Nizami Gəncəvinin həyat və yaradıcılığı, eləcə də poemaları haqqında məlumat verildikdən sonra şagirdlər Nizami Gəncəvinin şeir və qəzəllərini qiraət ediblər.

X X X

Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı “Poeziya günü” keçirilib. Tədbirdə məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi Təranə Axundova şairin həyat və yaradıcılığı, IX sinif şagirdi Lamiyə Əliyeva “Xəmsə” haqqında çıxış ediblər. IX sinif şagirdləri Aytac Səfərli, Səkinə Rəhimova, Məltəm Nəbiyeva Nizami Gəncəvinin lirikasından şeirlər söyləyiblər.

Sonda şagirdlər tərəfindən şairin “Qarı ilə Sultan Səncər” hekayəti səhnələşdirilmiş şəkildə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.