REGİONLAR
Naxçıvan şəhərində dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 27 layihə üzrə istehsal obyektləri yaradılıb
Naxçıvan, 21 yanvar, AZƏRTAC
Ötən il Naxçıvan şəhərində iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyaların həcmi 1,7 faiz artıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində 2021-ci ildə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafının yekunları və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının qarşıya qoyduğu vəzifələrə həsr olunmuş müşavirədə bu faktları icra hakimiyyətinin başçısı Mirsənani Seyidov qeyd edib.
Müşavirədə Naxçıvan Şəhər Maliyyə İdarəsinin rəisi Ramil Kərimov, Vergilər İdarəsinin rəisi Rəşad Əliyev, Statistika İdarəsinin rəisi Ramil Gülməmmədov və Təhsil Şöbəsinin müdiri Baba Əliyev çıxış edərək aid sahələr üzrə 2021-ci ildə görülmüş işlərlə bağlı ətraflı məlumat veriblər.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxışında bildirib ki, Naxçıvan şəhərində Türkiyə-Naxçıvan Dostluq Parkının, 2 saylı Nikah evi və 3 saylı Notariat ofisinin, Qaz Kompressor Stansiyasının, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, modultipli xəstəxananın və Uzunoba Təlim-Məşq İdman Kompleksinin tikintisi ötən ilin ən layiqli töhfələrindəndir. Hazırda “ASAN xidmət” Mərkəzinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin inzibati binasının, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin inzibati binasının, Texnologiyalar Parkının, Kimya-Biologiya Təmayüllü Liseyin, “Gənclər Yaşayış Kompleksi”nin, 400 yerlik avtomobil parkının, “STEAM” Tədris Mərkəzinin, uşaq bağçasının, Uşaq Kitabxanasının, məscidin və bir yaşayış binasının tikintisi davam etdirilir. Bəhs olunan dövrdə “1001 Home” mağazasının, tələbə yataqxanasının, altı yaşayış binasının, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının şəhərciyində yaşayış binasının və Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin binasının yenidən qurulması başa çatdırılıb. Yeddi yaşayış binasının, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəhərciyində idman zalının, Naxçıvan Dövlət Universitetinin rektorluq binasının və Duzdağ Radio-Televiziya Ötürücü Stansiyası binasının yenidən qurulması davam etdirilib. Bir kəhrizin təmiri və bir subartezian quyusunun tikintisi tamamlanıb.
Vurğulanıb ki, 2021-ci ildə dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 27 layihə üzrə istehsal obyektləri yaradılıb, 6 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilir. Aqrar sektorun inkişafı üçün görülən işlər kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırıb, 2021-ci ildə Naxçıvan şəhərində 3 min 621 ton tərəvəz, 1084 ton meyvə, 387 ton kartof, 121 ton üzüm, 2 min 298 ton bostan məhsulları tədarük olunub. 967 hektar sahədə payızlıq əkin üçün şum qaldırılıb, 961 hektar sahədə payızlıq səpin aparılıb ki, bunun da 664 hektarı buğda, 297 hektarı isə arpadır.