REGİONLAR
Naxçıvan şəhərində nağdsız ödənişlərin həcmi 5 milyon 231 min manatı ötüb
Naxçıvan, 28 yanvar, AZƏRTAC
Naxçıvan şəhərində bu il yanvarın 1-nə olan məlumata görə, 575 ədəd POS-terminal quraşdırılıb, qurğuların istifadə vəziyyətinin nəzarətdə saxlanılması məqsədilə mütəmadi monitorinqlər keçirilib. POS-terminallar üzrə nağdsız dövriyyənin həcmi 2019-cu ildə 5 milyon 231 min 81 manat olub ki, bu da 2018-ci illə müqayisədə 2 milyon 125 min 829 manat çoxdur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ötən il vergitutma bazasının genişləndirilməsi, vergidənyayınma hallarının qarşısının alınması da Naxçıvan Şəhər Vergilər İdarəsi tərəfindən daim diqqət mərkəzində saxlanılıb. 2019-cu ildə də bu istiqamətdə aparılan araşdırmalar, eləcə də maarifləndirmə işlərinin görülməsi nəticəsində öz əmlaklarını icarəyə verən şəxslər tərəfindən əldə etdikləri gəlirlərə görə ödəməli olduqları vergilərdə artımlara nail olunub.