REGİONLAR
Naxçıvan şəhərində növbəti dezinfeksiya tədbirləri həyata keçirilib
Naxçıvan, 9 sentyabr, AZƏRTAC
Naxçıvan şəhərində virus infeksiyalarına qarşı növbəti dezinfeksiya tədbirləri görülüb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhərinin əsas küçə və yolları, Heydər Əliyev və Atatürk prospektlərində dezinfeksiya tədbirləri aparılıb. Həmçinin Əliabad qəsəbəsinin əsas yolları, Çənlibel, Xətai, Atabəylər, Əlincə və Babək məhəllələrinin, Əziz Əliyev, Azərbaycan, Pişəvəri, İstiqlal, Nizami, İdris Məmmədov, Cəlil Məmmədquluzadə, İslam Səfərli və Əliqulu Qəmküsar küçələrinin əsas yolları döngələri və səkilər, ali, orta ixtisas, ümumtəhsil müəssisələri və iaşə obyektləri daxil olmaqla, ümumilikdə, 2 milyon 100 min kvadratmetr sahə dezinfeksiya olunub.
Dezinfeksiya tədbirlərinə nazirliyin 5 xüsusi qurğu quraşdırılmış yanğınsöndürmə avtomobili, Dövlət Baytarlıq Xidmətinin 2 xüsusi təyinatlı dezinfeksiya avtomobili və ümumilikdə, 39 nəfər şəxsi heyət cəlb olunub.
Bundan başqa, Dövlət Baytarlıq Xidmətinin xüsusi təyinatlı dezinfeksiya avtomobilləri və dezinfeksiya qrupları cəlb olunmaqla 33 ictimai yaşayış binasının girişləri, ətrafı və zirzəmisi formalin məhlulu ilə dezinfeksiya edilib.
Qeyd edək ki, Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın digər şəhər və rayonlarında da dezinfeksiya işləri intensiv olaraq davam etdirilir.