İQTİSADİYYAT
Naxçıvan şəhərində tikiləcək Günəş Elektrik Stansiyasında qabaqcıl texnologiyadan istifadə olunacaq
Bakı, 5 iyun, AZƏRTAC
“Nobel Energy” (NEQSOL Holdinqin bir hissəsi) Naxçıvan şəhərində 400 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisi və hasil ediləcək elektrik enerjisinin Türkiyəyə ixracına, qismən də yerli istifadəsinə dair Azərbaycanın Energetika Nazirliyi ilə anlaşma memorandumu imzalayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu əməkdaşlıq dayanıqlı enerji həllərinin inkişaf etdirilməsi və ətraf mühitə nəzarətin təşviq olunması baxımından mühüm bir hadisənin tərənnümüdür.
Naxçıvanda yerləşəcək Günəş Elektrik Stansiyasının tikintisi hökumətin ölkə ərazisində “yaşıl enerji zonaları” yaratmaqla təmiz enerjinin təşviqi və karbon emissiyalarının azaldılması istiqamətində sistemli səylərinin bir hissəsi kimi həyata keçiriləcək.
Bu memorandum iqtisadi böyüməni və davamlı inkişafı təmin etmək üçün bərpaolunan enerji potensialından istifadəyə dair ortaq öhdəliyi əks etdirir. Günəş Elektrik Stansiyasında təmiz və etibarlı elektrik enerjisi istehsal etmək üçün qabaqcıl günəş texnologiyasından istifadə olunacaq. Layihə regionun zəngin günəş resurslarından istifadə etməklə Türkiyənin dövlət elektrik şəbəkəsinə, eləcə də yerli enerji təchizatına töhfə vermək məqsədi daşıyır.
“Nobel Energy” şirkətinin baş icraçı direktoru Vüqar Səmədli deyib: “Bu anlaşma transformasiya strategiyamızın əsas istiqamətlərindən olan ətraf mühitə təsirləri azaltmaqla yanaşı, bütün maraqlı tərəflərimizə əlverişli və etibarlı enerji əldə etməyə kömək etmək həllərin təmin edilməsinin təzahürüdür. Bu, bərpaolunan enerji potensialından istifadə etməklə iqtisadi böyümə və davamlı inkişafa təkan vermək üçün hökumətlə birgə olan öhdəliyimizi əks etdirir. Biz dayanıqlı inkişafı gücləndirmək, yeni imkanlar yaratmaq və davamlı müsbət təsir göstərmək üçün uğurlu tərəfdaşlığa doğru olan bu səyahətimizin növbəti addımlarını səbirsizliklə gözləyirik. Bu sahə böyük potensiala malikdir və biz bu transformasiya yolunda birgə addımlamağı səbirsizliklə gözləyirik. Mən bizə göstərdiyi etimada və bu mühüm layihə vasitəsilə töhfə vermək imkanı yaratdığına görə Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm”.
Onun sözlərinə görə, bu anlaşma “yaşıl” və daha dayanıqlı gələcəyə aparan yolda irəliyə doğru atılmış mühüm addımdır. “Nobel Energy” ölkədə “yaşıl gələcək” qurmaq istiqamətində ölkənin ümumi enerji keçidinə töhfə verməsi gözlənilən bu imkanı böyük həyəcanla qarşılayır. Bu anlaşma, dünyanın dəyişən enerji ehtiyaclarını ödəmək üçün həlləri əhatə edən transformasiya strategiyamıza tam uyğundur.
Qeyd edək ki, anlaşma memorandumu iyunun 3-də Naxçıvan şəhərində “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Soltanov və “Nobel Energy” şirkətinin baş icraçı direktoru Vüqar Səmədli tərəfindən imzalanıb.