REGİONLAR
Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın 215 məktəbi arasında interaktiv dərs aparılıb
Naxçıvan, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsi təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilən dəhşətli terror aktıdır.
AZƏRTAC xəbər verir ki, bu fikir Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın 215 ümumtəhsil məktəbi arasında “20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda keçirilən interaktiv dərsdə səsləndirilib.
Faciənin 27-ci ildönümü ilə bağlı muxtar respublikada təsdiq edilən Tədbirlər Planına uyğun olaraq keçirilən dərsdə muzeyin bələdçisi Rəqsanə Kərimova Azərbaycan tarixinin azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən olan Yanvar qətliamından danışıb.
Rəqsanə Kərimova 20 Yanvar hadisələrinə ilk siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə erməni silahlı dəstələrinin hücumları başlanıb və bununla da 20 Yanvar faciəsinin ilk qanlı səhifəsi yazılıb, ilk şəhidlər verilib. Buna baxmayaraq, naxçıvanlılar düşmənin önündə mərdliklə dayanaraq qəhrəmancasına mübarizə aparıb, Naxçıvanı qoruyub saxlayıblar.
Muzeydəki eksponatlar barədə şagirdlərə ətraflı məlumat verən R.Kərimova bildirib ki, Xatirə Muzeyində Bakıda və Naxçıvanda baş verən həmin hadisələri əks etdirən çoxsaylı eksponatlar var. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı imzaladığı fərmanların surətləri, şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda, qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir.