SİYASƏT
Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yeni yaşayış binası istifadəyə verilib
Naxçıvan, 10 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında hər il geniş quruculuq işləri aparılır, yaşayış məntəqələri müasir görkəmə qovuşur, insanların sosial-məişət şəraiti yaxşılaşdırılır. Son illər milli və müasir memarlıq üslubunda inşa olunan çoxmənzilli ictimai yaşayış binaları qədim Naxçıvan şəhərinin arxitektura quruluşunu daha da zənginləşdirib, sakinlərin müasir və rahat mənzillərlə təminatına səbəb olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 10-da - ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümündə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yeni yaşayış binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, 2015-ci ilin may ayında tikintisinə başlanılmış bina zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarətdir. İsti, soyuq və rütubətə davamlı izolyasiya qatına malik olan binada mənzillərin hər birinin ümumi sahəsi 240, yaşayış sahəsi isə 220 kvadratmetrdir. Müasir kommunal şəraitə malik mənzillərə daimi su və optik kabel xətləri çəkilib, onlar istilik, mərkəzləşdirilmiş antena və soyutma sistemləri ilə təmin olunub, lift quraşdırılıb.
Binanın həyətində abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemləri qurulub.
Ali Məclisin Sədri binanın müasir mühəndis texniki tələblər və iqlim şəraiti nəzərə alınaraq inşa olunduğunu bildirib, bundan sonra aparılacaq tikinti işlərində də bu amillərin nəzərə alınmasını tapşırıb.