REGİONLAR
“Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” mövzusunda II beynəlxalq konfrans keçirilib
Naxçıvan, 7 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” mövzusunda II beynəlxalq konfrans keçirilib.
AMEA-nın Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransı giriş sözü ilə AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik elm adamlarını salamlayaraq bildirib ki, konfransın keçirilməsində əsas məqsəd Naxçıvanın tarixi keçmişi, mədəniyyəti, təbii ehtiyatları və müasir inkişafının ən aktual problemləri ilə bağlı aparılan əsaslı tədqiqatların beynəlxalq səviyyədə təqdim olunması, yeni araşdırmaların təhlil və müzakirə edilməsidir. “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” II beynəlxalq konfransı qardaş Türkiyə Cümhuriyyətindən, Amerika Birləşmiş Ştatlarından olan tədqiqatçıların, Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif elmi-tədqiqat institutlarının, AMEA-nın Gəncə və Naxçıvan bölmələrinin, həmçinin ölkənin müxtəlif elm və təhsil müəssisələrinin elmi əməkdaşlarının iştirakı ilə keçirilir.
Akademik çıxışı zamanı Naxçıvan bölgəsinin tarixin müxtəlif dönəmlərində Azərbaycanın dövlətçilik tarixində daşıdığı mühüm rolunu qeyd edib, arxeoloji araşdırmalar nəticəsində öyrənilmiş şəhər-dövlətlərdən başlayaraq, müxtəlif dövrlərdə tarix səhnəsinə çıxan Naxçıvanşahlıq, Atabəylər dövləti, Naxçıvan tüməni, Naxçıvan xanlığı, Naxçıvan qəzası, Araz-Türk Cümhuriyyəti və Naxçıvan Muxtar Respublikası haqqında konfrans iştirakçılarını məlumatlandırıb. Qeyd olunub ki, yerləşdiyi mühüm təbii-coğrafi mövqeyi və strateji əhəmiyyəti sayəsində Naxçıvan bölgəsi tarixən Şərqin mühüm ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzlərindən biri olub.
“Ümummilli lider Heydər Əliyev hakimiyyətinin hər iki dövründə elmə, təhsilə, mədəniyyətə çox böyük önəm verib və onların inkişafına qayğı göstərib”, - deyən İsmayıl Hacıyev diqqətə çatdırıb ki, Naxçıvan Bölməsinin yaradılması da dahi rəhbərin elmə göstərdiyi qayğının daha bir ifadəsidir. Ulu Öndərin elmin inkişafına, tariximizin və mədəniyyətimizin öyrənilməsinə göstərdiyi diqqət və qayğı bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvanda böyük elmi əhəmiyyətə malik beynəlxalq konfransın keçirilməsi bir daha sübut edir ki, ölkəmizdə elmin inkişafı daim diqqət mərkəzində saxlanılır, ümumazərbaycan tarixinin tərkib hissəsi olan regionların tarixinin, mədəniyyətinin, təbii sərvətlərinin öyrənilməsinə, tədqiq olunmasına həssas münasibət göstərilir.
AMEA Naxçıvan Bölməsinin sədri Azərbaycanın bugünkü inkişafının ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticəsi olduğunu vurğulayıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini, əldə olunan nailiyyətlərin ölkənin gələcək inkişafından xəbər verdiyini bildirib. Əsası ümummilli lider Heydər Əliyev tərəfındən qoyulmuş inkişaf strategiyasının muxtar respublikada uğurlu davamından söz açan akademik əldə olunan hərtərəfli inkişafdan danışıb. İsmayıl Hacıyev qədim və müasir tariximizin, mədəniyyətimizin öyrənilməsinə göstərdiyi qayğıya, elm adamlarının fəaliyyətlərinə göstərilən dəstəyə, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirib.
Plenar iclasda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Atabəy Şəmsəddin Eldənizin Azərbaycanın cənub-qərb bölgəsində siyasi vəziyyəti dəyişdirən fəaliyyətinə dair”, Ərzurum Atatürk Universitetinin professoru, tarix elmləri doktoru Hüseyn Yurttaş “Naxçıvan abidələrinin türk-islam mədəniyyətinin inkişafındakı rolu”, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov “Kür-Araz mədəniyyəti problemləri Azərbaycanda son arxeoloji tədqiqatlar işığında”, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan tarixinin tarixşünaslığı (1991-2021)”, bölmənin Təbii Ehtiyatlar İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Eltun İbrahimov “Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafında müasir imkanlar” adlı məruzələr ediblər.
Plenar iclasın ardından konfrans “Naxçıvan Muxtar Respublikasının tarixi və arxeologiyası”, “Naxçıvan Muxtar Respublikasında elm, ədəbiyyat, folklor və mədəniyyət”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, təbii ehtiyatları” və “Naxçıvan Muxtar Respublikasının flora və faunası” başlıqlı bölmə iclaslarında işini davam etdirib.
Qeyd edək ki, iki gün davam edəcək konfrans ənənəvi və onlayn qaydada keçirilir.