MƏDƏNİYYƏT
Naxçıvan teatrında “I Ehsan xan Kəngərli” tarixi dramının məşqlərinə başlanılıb
Bakı, 11 yanvar, AZƏRTAC
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Xaqani Əliyevin Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinə həsr etdiyi “I Ehsan xan Kəngərli” tarixi dramının məşqlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, elmi məsləhətçisi AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev olan əsəri tamaşaya Xalq artisti Kamran Quliyev hazırlayıb.
Tarixi dram Naxçıvan xanlığının son xanı I Ehsan xan Kəngərlinin 1827-ci ilin yayında, şah rejimi tərəfindən əhalisi zor və silah gücünə İrana köçürülmüş Naxçıvan şəhərində, Urmiya gölü ətrafındakı ermənilərin məskunlaşdırılmasının qarşısını necə almasından bəhs edir. Tariximizin qaranlıqda qalmış şərəfli səhifələrindən birinə işıq salan əsərin süjet xəttinin mərkəzində dayanan bu hadisənin fonunda, taleyüklü məsələlərlə baş-başa qalmış, köçürülmüş əhalinin yurd-yuvasına qayıtması üçün həyatını təhlükəyə atan Ehsan xanın Vətən, xalq, yurd və azadlıq haqqında düşüncələri, rus komandanı Paskeviçlə görüşü zamanı göstərdiyi doğru və qəti mövqeyi nəticəsində ermənilərin qurduğu məkrli planı pozması, ona bu işdə yardımçı olan A.A.Bakıxanov və Qriboyedovla dost münasibətləri, bu istila nəticəsində Azərbaycanın parçalanmasının gətirdiyi bəlalara da toxunulub.
Tamaşanın quruluşçu rəssamı – Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov, rejissor assistenti Əməkdar artist Behruz Haqverdiyevdir.
Tarixi şəxsiyyətlərin obrazlarının yer aldığı tamaşada rolları Xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Həsən Ağasoy, Əməkdar artistlər Əli Əliyev, Bəhruz Haqverdiyev, Əbülfəz İmanov, aktyorlar Zakir Fətəliyev, Zəminə Məmmədova, Cəbrayıl Nəbiyev, Rəhman Dünyamalıyev, Nazlı Hüseynquliyeva, Uğur Nəsirli, Anar Eyvazov, Səyyad Məmmədov, Mehri Nəbiyeva və Ələsgər Quliyev ifa edəcəklər.
Qeyd edək ki, tamaşanın premyerası Milli Teatr Günü ərəfəsində mart ayında keçiriləcək.