REGİONLAR
Naxçıvan teatrının 139-cu mövsümünün bağlanışı olub
Naxçıvan, 29 iyun, AZƏRTAC
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan teatrının 139-cu mövsümünün bağlanış mərasimi olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirin rəsmi hissəsində teatrın direktoru, Xalq artisti Rza Xudiyev çıxış edərək Naxçıvan teatrının tarixindən danışıb. Bildirib ki, Azərbaycanda ilk peşəkar teatrın yaranmasından 10 il sonra – 1883-cü il mayın 11-də əsası qoyulan və bu gün 139-cu mövsümünü başa vuran Naxçıvan teatrı həmişə Azərbaycan teatr hərəkatının önündə gedərək tamaşaçıların mənəvi və estetik tərbiyəsində mühüm rol oynayıb, insanları işıqlı amallar uğrunda səfərbər edə bilib, milli dirçəliş və oyanışın carçısına çevrilib.
Vurğulanıb ki, 139-cu teatr mövsümü Naxçıvan teatrı üçün daha əlamətdar olub, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 aprel tarixli Qərarı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Milli” status verilib.
Qeyd olunub ki, başa vurduğumuz 139-cu teatr mövsümündə teatr ideya-bədii cəhətdən müxtəlifliyi ilə seçilən bir neçə tamaşanı teatrsevərlərə təqdim edib. İyun ayında isə İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış olub, həmçinin bu mövsümdə Hüseyn Cavidin “Topal Teymur” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın məşqləri aparılıb.
Tədbirin bədii hissəsində “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub.
Səhnə əsərində əsas rolları gənc aktyorlar Mehri Nəbiyeva, Məmməd Mehdiyev, Səyyad Məmmədov, eləcə də Azərbaycan Respublikasının Əməkdar artistləri Əli Əliyev, Behruz Haxverdiyev, Əbülfəz İmanov, Vidadi Rəcəbli və digərləri ifa ediblər.
Tamaşanın rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov, rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova və rejissor assistenti Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəblidir.
Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.