REGİONLAR
Naxçıvan təhsil quruculuğu sahəsində yeni-yeni uğurlara imza atır
Naxçıvan, 28 oktyabr, AZƏRTAC
Muxtar respublikada təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində Naxçıvan Dövlət Universitetinin Xarici Dillər fakültəsinin binasının yenidən qurulması, yeni mərkəz, kabinə və laboratoriyaların yaradılması başa çatdırılıb, Texnologiyalar Parkının yaradılması, rektorluq binasının yenidən qurulması davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Babək rayonunun Araz kəndində 88 şagird yerlik ümumi orta məktəb binasının tikintisi, Şərur rayonunun Şəhriyar kəndində 224, Ordubad rayonunun Nüsnüs kəndində 414, Aşağı Əndəmic kəndində 252 şagird yerlik tam orta məktəb binalarının və Ordubad şəhərində 612 şagird yerlik 1 nömrəli tam orta məktəb binasının yenidən qurulması başa çatdırılıb. Bundan əlavə, Ordubad rayonunda innovativ dərnəklər yaradılıb.
Naxçıvan şəhərində Kimya-Biologiya Təmayüllü Liseyin, Babək rayonunun Sirab və Göynük, Ordubad rayonunun Vələver və Pəzməri kəndlərində məktəb binalarının tikintisi, Şərur rayonunun Dərvişlər və Çərçiboğan, Ordubad rayonunun Dırnıs kəndlərində məktəb binalarının yenidən qurulması davam etdirilib.
Mütərəqqi təhsil metodu kimi əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 7 iyun tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılıb, Naxçıvan şəhərində mərkəz üçün binanın tikintisi həyata keçirilir.
Şərur rayonunun Şəhriyar kəndində uşaq musiqi məktəbi binasının yenidən qurulması başa çatdırılıb, Çərçiboğan kəndində uşaq musiqi məktəbinin və Naxçıvan şəhərində uşaq bağçasının tikintisi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 iyul tarixli Sərəncamı ilə 2021-ci ildə muxtar respublikada xüsusi istedadı olan 2 məktəblinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.
Muxtar respublikanın ərazisi üzrə təhsil müəssisələrinin yerləşməsini və sıxlığını vizual olaraq nümayiş etdirən “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri (xəritələr)” kitabı hazırlanıb.
Təhsilin inkişafı sahəsində görülən işlər nəticəsiz qalmayıb, 2020-2021-ci tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 2882 məzun bitirib, onlardan 2470-i, yaxud 86 faizi ali məktəblərə qəbul imtahanlarında iştirak edib. İmtahanlarda iştirak edən məzunlardan 1612-si, yaxud 65 faizi ali təhsil müəssisələrinə qəbul olub. Muxtar respublika üzrə 261 məzun 500-dən yuxarı bal toplayıb, onlardan 3-ü Prezident təqaüdünə layiq görülüb.