REGİONLAR
Naxçıvan yaxın gələcəkdə nəqliyyat bağlantıları sayəsində logistik mərkəzə çevriləcək
Naxçıvan, 13 noyabr, AZƏRTAC
Son iki gündə Azərbaycan və dünya mediasında ən çox müzakirə olunan mövzulardan biri də ölkəmizin Ermənistan üzərində qələbəsi və bu qələbənin hüquqi əsasını müəyyən edən, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin imzaladığı üçtərəfli bəyanatdır. Bəyanatın ən önəmli hissələrindən biri də Naxçıvan Muxtar Respublikası ilə bağlı olan 9-cu bənddir.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Şərq qapısı” qəzetinin şöbə müdiri, tədqiqatçı-jurnalist Səbuhi Həsənov deyib. O bildirib ki, 9-cu bənddə Naxçıvanın ölkəmizin əsas hissəsi ilə kommunikasiya əlaqələrinin bərpası nəzərdə tutulur. Artıq hər birimizə aydındır ki, bəyanatın imzalanmasından dərhal sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində həmin sənədin mətni ilə hər kəsi tanış etdi, mətnin Naxçıvanla bağlı hissəsini də diqqətə çatdırdı. Naxçıvanla bağlı belə bir mühüm qərarın ikinci Qarabağ müharibəsinin yekunlarına dair tarixi sənəddə əks olunması çox böyük əhəmiyyət daşıyır. Son bir neçə gündə, xüsusilə Azərbaycan və Türkiyədə həm rəsmi, həm də qeyri-rəsmi səviyyədəki görüşlərdə, eyni zamanda, kütləvi informasiya vasitələrində gedən müzakirələrdə bu məsələnin strateji əhəmiyyəti vurğulanır, gələcək iqtisadi, siyasi üstünlüklərindən, Türk dünyasına verəcəyi töhfələrdən bəhs olunur. Ermənilər isə bu günlərdə təkcə işğaldan azad olunan ərazilərlə bağlı deyil, həm də Naxçıvanla bağlı qəbul edilən qərarlara görə məğlubiyyət acısı yaşayır.
“Hər birimizə məlumdur ki, ötən əsrin 90-cı illərində Azərbaycanı onun bir hissəsi olan Naxçıvanla birləşdirən yeganə dəmir yolu və enerji xətləri iflic vəziyyətinə salındıqdan sonra muxtar respublika blokada vəziyyətinə düşmüşdü. Naxçıvanla Azərbaycanın əsas əraziləri arasında kommunikasiyaların bərpası o zaman mümkün görünürdü ki, Azərbaycan Ermənistan üzərində Böyük Qələbə çalsın və bu gücündən istifadə edərək Naxçıvan məsələsini qarşı tərəfə anlaşma şəklində deyil, diktə şəklində çatdırsın. Sadə dildə desək, Ermənistanı buna məcbur etsin. Və tarix də sübut etdi ki, bu gözləntilər əbəs deyil. Müzəffər Ali Baş Komandanımız iki gün bundan əvvəl Qalib Lider kimi bu məsələni diktə etdi”, - deyə həmsöhbətimiz vurğulayıb.
Qarşıda görüləcək işlərin çox olduğunu vurğulayan Səbuhi Həsənov bildirib ki, yeni kommunikasiyaların bərpası Naxçıvanı ölkəmizin digər bölgələri ilə yanaşı, həm də qardaş Türkiyə Respublikasını Türk dünyası ilə birləşdirir. Yeri gəlmişkən, bu yaxınlarda Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırımın Bakıda və Naxçıvanda olması və səfər əsnasında muxtar respublika ilə Türkiyə arasında dəmir yolu xəttinin inşası ilə bağlı görüləcək işlərə bir daha toxunması Naxçıvanın əhəmiyyətini daha da artıracaq. Bir sözlə, Türk dünyası üçün böyük qapı sayılan Naxçıvan yaxın gələcəkdə Naxçıvan-Qars, Naxçıvan-Məşhəd və Naxçıvan-Bakı dəmir yolu bağlantıları ilə logistik mərkəzə çevriləcək.