REGİONLAR
Naxçıvanda 128 qadına 86 min manatdan çox dəyəri olan sərmayə kapitalı verilib
Naxçıvan, 27 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qadınların məşğulluqlarının artırılması, ailə təsərrüfatlarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Təkcə ötən 2 il ərzində komitə tərəfindən icra edilən sosialyönümlü layihələrdə, ümumilikdə, 128 qadına 86 min 256 manat dəyərində sərmayə kapitalı verilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikada qadınların məşğulluqlarının təmin olunması məqsədilə onlara təlimlərin keçirilməsi və peşə kurslarına cəlbi də diqqətdə saxlanılır. 2021-ci ilin ötən dövrü ərzində 183-ə yaxın xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü və məhdud fiziki imkanlı qadınlar üçün toxuculuq peşəsinin öyrədilməsi ilə bağlı təlim keçirilib. Ötən dövr ərzində qadınların özünüməşğulluqlarının təmin olunması və istedadlarının üzə çıxarılması məqsədilə sərgi-satışlar, yarmarkalar keçirilib. Həmin sərgi-satışlarda, yarmarkalarda, muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən əl işləri mağazalarında, ümumilikdə, 515 sağlamlıq imkanları məhdud və istedadlı qadınların 32105 manat dəyərində 4320 rəsm, əl işi və ailə təsərrüfatı məhsulları satılıb.
Qadınların müxtəlif peşə sahələrində gündən-günə artan sayları statistik nəticələrdə də özünü göstərməkdədir. Belə ki, cari ilin müvafiq dövrünə olan məlumata əsasən istirahət, əyləncə və incəsənət sahəsində 3392 nəfər çalışır ki, bunların 63,6 faizi qadınlardır. Eləcə də təhsil sahəsində 9931 (ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox), əhaliyə səhiyyə və sosial xidmətlər göstərilməsi sahəsində 4037 (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox), dövlət qulluğu sahəsində 494 qadın çalışır. Mədəniyyət müəssisələrində rəhbər vəzifələrin 37-ni qadınlar tutur. Bunlarla yanaşı, ölkədə qadınlarla bağlı qəbul edilən qərarlar, təkmilləşdirilən hüquqi təchizatlar nəticəsində muxtar respublikanın ictimai-siyasi həyatında qadınların fəallığı nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, 1 nəfər Azərbaycan Respublikası Milli Məclisinin, 11 nəfər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvlərinin 43,7 faizini qadınlar təşkil edir. Habelə yerli özünüidarəetmə orqanlarında üzv olan qadınların sayı 221 nəfərdir. Onlardan 9-u bələdiyyə sədri, 1-i isə bələdiyyə sədrinin müavinidir.
Muxtar respublikada qadınların sağlamlığının qorunması da diqqət mərkəzində saxlanılır. Belə ki, yeni-yeni xəstəxanaların tikilməsi və ya əsaslı şəkildə təmir olunması, müasir tibbi avadanlıqlarla təchiz olunması və tibb müəssisələrində tibbi sığortanın tətbiqi nəticəsində sağlamlıq imkanları məhdud qadınların sayının ildən-ilə azalmasına səbəb olur. Belə ki, ötən illə müqayisədə belə qəbildən olan qadınların sayı 0,6 faiz azalıb. Qadınların idmana da marağı ildən-ilə artır. Hazırda muxtar respublikada idmanla məşğul olan qadınların sayı 6157 nəfərdir.
Görülən işlər, müvafiq sahədə həyata keçirilən tədbirlər qadınların cəmiyyətin bütün sahələrində, ölkənin idarəçilik sistemində və inkişafında yaxından iştirak etmələri üçün gələcəkdə daha da uğurlu nəticələrin əldə olunmasına öz əhəmiyyətli təsirini göstərəcəkdir.