REGİONLAR
Naxçıvanda 301 ailə ipoteka kreditlərindən yararlanaraq mənzil sahibi olub
Naxçıvan, 9 dekabr, AZƏRTAC
Muxtar respublikada bu günədək 301 ailə ipoteka kreditlərindən istifadə edərək mənzil alıb. Bu ilin 9 ayında isə 22 ailə ipoteka kreditləri sayəsində mənzil sahibi olub.
AZƏRTAC xəbər verir ki, ötən ay “Naxçıvan İpoteka Fondu” ASC-nin yaradılması hər bir gəncin və yaxud tələblərə cavab verən muxtar respublika sakininin ipoteka krediti almasına imkan verir.
Qeyd edək ki, gənclərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün hələ 2014-cü ilin may ayında Naxçıvan şəhərinin Əziz Əliyev prospektində beş mərtəbədən ibarət 3 yaşayış binası istifadəyə verilib. Həmin binalardakı 80 mənzil ipoteka yolu ilə satılıb. Sözügedən prospektdə geniş bir ərazini əhatə edən daha bir yaşayış kompleksi – “Gənclər şəhərciyi” tikilib ki, buradakı mənzillərin də çoxu artıq ipoteka yolu ilə satılıb.
“Naxçıvan İpoteka Fondu” ASC-nin yaradılması daşınmaz əmlak bazarında da canlanma yaradıb. Cəmiyyət həm təmirli, həm də təmirsiz evlər üçün ipoteka krediti nəzərdə tutur.