REGİONLAR
Naxçıvanda 6 ayda qanunvericiliyin tələblərini pozan 165 əcnəbi aşkarlanıb
Naxçıvan, 26 iyul, AZƏRTAC
Bu ilin altı ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində müvafiq tədbirlər həyata keçirilib və ümumilikdə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərini pozan 165 əcnəbi aşkarlanıb. Həmçinin miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş 10 əcnəbi öz ərizəsi əsasında könüllü olaraq Dövlət Miqrasiya Xidmətinin Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktları Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində cari ilin altı ayının yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev səsləndirib.
Şahin Nəbiyev bildirib ki, 2018-ci ilin may ayında muxtar respublikanın ictimai-siyasi, sosial həyatına müsbət təsir edən əlamətdar hadisə baş verib. Belə ki, Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bu, vaxtilə öz doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın yenidən həmin ərazilərdə məskunlaşmasını və nəticədə, daxili miqrasiya proseslərini şərtləndirəcəkdir.
Diqqətə çatdırılıb ki, bəhs edilən dövrdə xidmətə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı 4226, müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı 312, daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı 3, müvəqqəti yaşama icazəsinin yenidən rəsmiləşdirilməsi ilə bağlı 3, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasında haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi ilə bağlı 22, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar isə 113 müraciət daxil olub. Həmin müraciətlərin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilib.
Sonra məruzə ətrafında çıxışlar olub.