REGİONLAR
Naxçıvanda 9 ayda 221,4 milyon dollarlıq sənaye məhsulu ixrac olunub
Naxçıvan, 23 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında muxtar respublikada 819 milyon 911 min 600 manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricini 1,3 faiz üstələyib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sənaye məhsulu istehsalının 96,2 faizi məhsulların, 3,8 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 94,5 faiz təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.
Yanvar-sentyabr aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 37 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 55 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilir.
Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə bəhs olunan dövrdə 7 milyon 171 min 500 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 38,7 faiz çoxdur.
Ölkə başçının 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən, Şərur rayonunda Şərur Sənaye Məhəlləsinin yaradılması və bu məqsədlə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat vəsaitin ayrılması sənayenin inkişafına yeni imkanlar yaradacaq.
Sənayedə istehsalın həcminin artması nəticəsində bu ilin 9 ayında 221 milyon 431 min 900 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub.