REGİONLAR
Naxçıvanda “Abituriyent-2020: buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda seminarlara başlanılıb
Naxçıvan, 28 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində “Abituriyent-2020: buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda seminarlara başlanılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, abituriyentlərin imtahanlara psixoloji cəhətdən hazır olmaları, imtahan dövrü nələrə diqqət etmələri ilə bağlı məlumatlandırılmaları məqsədilə keçirilən seminarda Təhsil Nazirliyinə birbaşa tabe müəssisələrin və Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin XI siniflərində təhsil alan 110 şagird iştirak edib.
Seminarda Təhsil Nazirliyinin əməkdaşı Ayşən Əsgərova “2020-2021-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul planı və 2020-ci ildə keçiriləcək qəbul imtahanının tarixləri”, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova “Buraxılış və qəbul imtahanlarına hazırlıq, ixtisas seçimi zamanı nələrə diqqət etməli”, Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin psixoloqu Nübar Abdullayeva “Abituriyentlərə imtahanqabağı psixoloji dəstək” mövzularında çıxış ediblər. Qeyd olunub ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ildə keçiriləcək ali və orta ixtisas müəssisələrinə qəbul imtahanlarının təqvimi təsdiq olunub. Abituriyentlər buraxılış və qəbul imtahanlarına yaxşı hazırlaşmalı, nəticələrə uyğun ali təhsil müəssisəsini və ixtisas seçimini düzgün etməlidirlər.
Seminarda abituriyentlərə buraxılış və qəbul imtahan qaydaları ilə bağlı məlumat verilib və onlara imtahan zamanı qadağan olunan hərəkətlər izah edilib.
Sonda mövzularla bağlı suallar cavablandırılıb, abituriyentlərə imtahanqabağı əlavə tövsiyələr verilib.
Qeyd edək ki, abituriyentlər üçün təşkil olunan seminar muxtar respublikanın rayonlarında da keçiriləcək.