REGİONLAR
Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçiriləcək
Naxçıvan, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 20-21-də Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları - bal festivalı” keçiriləcək.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, festivalın açılışı oktyabrın 20-si saat 11:00-da olacaq. Festivalda 300-ə yaxın arıçının iştirakı gözlənilir.
“Arıçılıq məhsulları - bal festivalı” Naxçıvanda artıq 3-cü dəfədir təşkil olunur. Bu günədək “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Göycə”, “Plov”, “Naxçıvan çörəkləri”, “Arıçılıq məhsulları - bal”, “Ailə təsərrüfatı məhsulları”, “Yallı”, “Yaradıcı əllər”, “İstedadlı uşaqlar”, “Milli geyimlər” kimi festivallar keçirilib. Bu festivalları minlərlə yerli sakin və xarici turist izləyib.
Təmiz havası və zəngin bitki örtüyü olan Naxçıvanda hələ qədim zamanlardan arıçılıq geniş yayılıb. Bu gün də bu sahə dövlətin dəstəyi ilə inkişaf etdirilir. Hazırda muxtar respublikada arı ailələrinin sayı 71 mindən çoxdur. “Arıçılıq məhsulları - bal festivalı” keçirilməsi keyfiyyəti, dadı-tamı ilə seçilən Naxçıvan balının təbliği baxımından əhəmiyyətli olmaqla yanaşı, sahibkarlara öz məhsullarını geniş alıcı kütləsinə təqdim etmək imkanı verir.