REGİONLAR
Naxçıvanda Bəhruz Kəngərlinin anadan olmasının 128-ci ildönümü qeyd edilib
Naxçıvan, 22 yanvar, AZƏRTAC
Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça ustası Bəhruz Kəngərlinin anadan olmasının 128-ci ildönümü Naxçıvan şəhərində qeyd olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə mədəniyyət və incəsənət xadimləri Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyindən sənətkarın adını daşıyan Rəssamlar Parkına qədər yürüş edib, burada ucaldılan Bəhruz Kəngərlinin abidəsi önünə gül dəstəsi düzüblər.
Muxtar respublikanın Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva Bəhruz Kəngərlinin ömür yolundan və fəaliyyətindən ətraflı bəhs edib. Vurğulayıb ki, Bəhruz Kəngərli ilk peşəkar rəssam kimi Azərbaycan boyakarlığında realizmin əsasını qoyub, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib. Görkəmli rəssamın yaradıcılığında zəngin lirika, nikbin əhval-ruhiyyə duyulur. O, tarixi yaradan rəssam kimi həmin dövrdə yaşananlarla bağlı reallığı öz əsərlərində əks etdirib, bu günə dəyərli yadigarlar qoyub. Bu isə rəssamın Vətənə, təbiət gözəlliklərinə bəslədiyi sönməz məhəbbətindən irəli gəlir.
“Rəssamın sənət dünyasına, yaradıcılığına onun doğulub boya-başa çatdığı doğma vətənində daim yüksək diqqət və qayğı göstərilir”, - deyən Ülviyyə Həmzəyeva bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 2001-ci il 15 fevral tarixli Sərəncamına əsasən Bəhruz Kəngərlinin Naxçıvan şəhərindəki məzarüstü abidəsi bərpa edilib, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonuna rəssamın adı verilib, onun yubileyi muxtar respublikada geniş qeyd olunub, albom-kataloq və sənədli film hazırlanıb. 2016-cı ildə isə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib, görkəmli rəssamın abidəsi ucaldılıb.
Tədbirdə çıxış edənlər bildiriblər ki, yüksək istedad sahibi olan Bəhruz Kəngərli öz yaradıcılığında qabaqcıl ideyaları əks etdirən sənətkarlardan biri olub. Rəssam sənətkarlığın əsas vasitələri olan rəsm, kompozisiya, rəng bacarığına böyük diqqət yetirib. Təsviri incəsənətin müxtəlif növlərində yaradıcılıqla məşğul olan Bəhruz Kəngərli həm boyakarlıq, qrafika, həm də teatr rəssamlığı sahəsində böyük müvəffəqiyyətlər qazanıb.