REGİONLAR
Naxçıvanda Gömrük Komitəsində çalışan işçilərin attestasiyası üzrə imtahan başa çatıb
Naxçıvan, 18 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində çalışan işçilərin attestasiyası üzrə test imtahanı keçirilib.
Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, imtahan gömrük orqanları əməkdaşlarının peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin obyektiv qiymətləndirilməsi, onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və gələcək inkişafının təmin edilməsi məqsədilə təşkil olunub.
İmtahan Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test Mərkəzində elektron proqram təminatı vasitəsilə keçirilib. Obyektivliyin və şəffaflığın gözlənilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının müşahidəçi qismində iştirakları təmin edilib.
Test imtahanında iştirak etmiş 48 nəfərdən 34-ü müvafiq keçid balını toplayaraq attestasiyadan müvəffəqiyyətlə keçib. İmtahan qurtardıqdan dərhal sonra iştirakçılara nəticəyə dair arayış təqdim olunub.