REGİONLAR
Naxçıvanda “İdeyadan başlanğıca” devizi altında hazırlanmış layihələrin təqdimatı olub
Naxçıvan, 4 noyabr, AZƏRTAC
Naxçıvanda gənclər tərəfindən “İdeyadan başlanğıca” devizi altında hazırlanmış layihələrin (startapların) dəyərləndirilməsi, həmçinin könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətinin, sosial könüllülüyə gənclərin təşviqinin və sosial məsuliyyət hissinin artırılması istiqamətində işlər davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə nazirliyin və muxtar respublikanın Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “İdeyadan başlanğıca” devizi altında hazırlanmış layihələrin təqdimatında ətraflı danışılıb.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev “İdeyadan başlanğıca” layihəsi çərçivəsində görüləcək işlər haqqında məlumat verib. Nazir qeyd edib ki, “Sosial Könüllülük Akademiyası”nı uğurla başa vuran gənclər bundan sonra da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq tədbirlərinə könüllü kimi cəlb olunacaqlar. Nicat Babayev layihəyə yeni cəlb edilən könüllülərə uğurlar arzulayıb.
Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev sosial könüllülük layihəsinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, könüllülük fəaliyyəti sosial sahədə çalışacaq könüllülərin yetişdirilməsi və gələcəkdə onların dövlət qurumlarında işlə təmin olunması imkanlarının artırılmasından ibarətdir.
Gənclər adından çıxış edən Səma Muradova göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Daha sonra sosial könüllülərin ötən dövr ərzində fəaliyyətini əks etdirən slayd nümayiş etdirilib, layihəni uğurla başa vuran məzunlara diplomlar təqdim olunub.
Tədbirin növbəti hissəsində gənclər tərəfindən “İdeyadan başlanğıca” devizi altında hazırlanmış layihələrin təqdimatı keçirilib, fikir mübadiləsi aparılıb.