REGİONLAR


Naxçıvanda “İdeyadan başlanğıca” devizi altında tədbirlər davam edir

Naxçıvan, 17 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsi əməkdaşları Naxçıvan Dövlət Universitetinin (NDU) tələbələri ilə görüşüb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək, müvafiq sərəncamın bilikli və təcrübəli gənc kadrların hazırlanmasında böyük imkanlar yaradacağını bildirib. Vurğulanıb ki, layihələrin dəyərləndirilməsi üçün ekspert qrupu və ictimai əsaslarla fəaliyyət göstərən mərkəzlər yaradılır. Tələbələr tərəfindən təqdim olunan layihələrin qəbulu və təqdimatları bu mərkəzlər tərəfindən həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov tələbələrin hamiliyə götürülməsi və startap layihəsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, bu cür yeniliklər yetişən gənc nəslin gələcək iş həyatları üçün önəmli bir körpü yaradır.

Komitənin şöbə müdiri, universitetin Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi kafedrasının müəllimi Səttar Nəsirov çıxış edərək, sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə ardıcıl tədbirlər görüldüyünü vurğulayıb. Qeyd olunub ki, sözügedən layihələrdə gənclərin intellektual və yaradıcı potensialının, ideyalarının reallaşdırılması üçün dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, onlara daha əlverişli şəraitin yaradılması, fəallığının artırılması istiqamətində işlər davam etdiriləcək.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

X   X   X

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri ilə keçirilən görüşdə xidmətin rəisi Vəli Novruzov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamına uyğun olaraq, NDU və Naxçıvan Dövlət Texniki Kollecində Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələr Dövlət Baytarlıq Xidmətinə hamiliyə verilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il aprelin 3-də imzaladığı müvafiq Sərəncamı muxtar respublikada gənclərin startap layihələrində fəal iştirakına və bu sahədə dövlət dəstəyinin güclənməsinə imkan yaradıb.

Sonra kollecin direktoru Asəf Ruşanov çıxış edərək deyib ki, muxtar respublikada tələbələrin iştirakı ilə “İdeyadan başlanğıca” devizi altında təşkil edilən “Startap turları” gənclərin yeni ideyalar ətrafında birləşməsi baxımından böyük əhəmiyyət daşıyır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti Xüsusi təhlükəli xəstəliklərə nəzarət şöbəsinin müdiri Elnur Əliyevin və kollecin müəllimi Aysel Seyidovanın çıxışları dinlənilib.

Görüş çərçivəsində tələbələr Dövlət Baytarlıq Xidmətinin fəaliyyəti ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.