REGİONLAR
Naxçıvanda “İslam dəyərləri: Ramazan və Qurban bayramları” mövzusunda keçirilən elmi forum işini yekunlaşdırıb
Naxçıvan, 14 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında milli mənəvi dəyərlərimizin qorunması və təbliği daim diqqət mərkəzində saxlanılır, bu sahəyə hərtərəfli dövlət qayğısı göstərilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri “Naxçıvan” Universitetində “İslam dəyərləri: Ramazan və Qurban bayramları” mövzusunda keçirilən elmi forumda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyib.
Akademik bildirib ki, multikulturalizmin, tolerantlığın mövcud olduğu ölkəmizdə bu gün təkcə islami dəyərlər təbliğ olunmur, həm də İslam həmrəyliyinin təmin edilməsi istiqamətində tarixi addımlar atılır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olması da milli və mənəvi dəyərlərimizin təbliği baxımından yeni imkanlar açır.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev “İslam dininin milli mənəvi dəyərlərimizdən olan bayramlarımıza verdiyi dəyər” mövzusunda çıxış edərək bildirib ki, İslam dinində xalqların adət-ənənəsinə böyük hörmətlə yanaşılır. Əgər həmin adət və ənənələrdə dinə zidd heç bir ünsür yoxdursa, İslam dini onu rədd etməyib, əksinə, qoruyaraq daha da inkişaf etməsinə kömək olub. Bu səbəbdən İslam dini yayıldıqdan sonrakı illərdə də Azərbaycanda dini bayramlarımız olan Qurban və Ramazan bayramları ilə yanaşı, Xızır Nəbi və Novruz bayramları da həmişə yüksək şəkildə qeyd edilib.
Vurğulanıb ki, İslam düşüncəsinə görə bayram, hər şeydən əvvəl, sosial mahiyyəti olan bir məfhumdur. Bayram insanlar arasında mehribanlıq və sevgi yaradan, qohumlar arasındakı bağlılığı təmin edən, küsülüləri barışdıran, könülləri sevindirən, kimsəsizlərə ümid verən sosial hadisədir.
“Qurban bayramının əhəmiyyəti” mövzusunda çıxış edən AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli bildirib ki, xalqımızın geniş qeyd etdiyi bayramlar içərisində Qurban bayramının özünəməxsus yeri var. İslamın qəbulu ilə məişətimizə daxil olan və sadəcə, qurbanlar kəsilib paylamaqdan ibarət olmayıb xeyirxahlıq, nəciblik, humanist xarakter daşımaqla sosial əhəmiyyət kəsb edən bu bayram əhali tərəfindən bütün dövrlərdə qeyd olunub. Sevindirici haldır ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlət tərəfindən ona təqvim bayramı statusu verilib. İndi respublikamızda hər il Qurban bayramı günlərində iki gün qeyri-iş günü olur. Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi, Naxçıvanda da dövlət səviyyəsində geniş qeyd olunur.
Forumda Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şuranın sədri Sahib Məmmədovun “İslam həmrəyliyinin dini bayramlarımızda təzahürü”, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri Səbuhi İbrahimovun “Naxçıvan alimlərinin əsərlərində Ramazan və Qurban bayramlarına verilən dəyərlər”, “Naxçıvan” Universitetinin müəllimi Bəhruz Gülmalıyevin “Ramazan bayramının cəmiyyət üçün faydaları” mövzularında məruzələri dinlənilib, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, elmi forum AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və “Naxçıvan” Universitetinin təşkilatçılığı ilə “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı–2018” tədbirləri çərçivəsində keçirilib. Forumda Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura, şəhər və rayon dini icma sədrləri və ali təhsil müəssisələrinin müəllim və tələbələri iştirak ediblər.