REGİONLAR
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə rəsm sərgisi açılıb
Naxçıvan, 15 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan rəsm sərgisi açılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə ölkəmizdə, o cümlədən muxtar respublikada rəssamlıq sənətinin qorunub inkişaf etdirilməsində ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətləri vurğulanıb. Bildirilib ki, böyük şəxsiyyətin himayəsi ilə 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı, 2000-ci ildə isə həmin təşkilatın bazasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yaradılıb. Müstəqillik illərində muxtar respublikada rəssamlıq sənətinin inkişafı ilə bağlı ardıcıl tədbirlər görülüb, Rəssamlar Birliyi yeni bina və emalatxana ilə təmin edilib, birlik üzvlərinin yaradıcılıq imkanları genişləndirilib, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi və Rəssamlar Parkı yaradılıb, ali təhsil müəssisələrində müvafiq ixtisaslar açılıb.
Sonra rəsm sərgisinə baxış olub. Sərgidə ümummilli liderimiz Heydər Əliyevin mənalı ömür yolu, zəngin siyasi fəaliyyətini, müstəqil və müasir Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafını, ordumuzun böyük qələbəsini, yurdumuzun təbiət gözəlliklərini, tarixi abidələrimizi və milli dəyərlərimizi özündə əks etdirən 30 əsər nümayiş etdirilir. 15 rəssamın yaradıcılığının nümunəsi olan əsərlər sırasında müasir texnika, rəngkarlıq potensialı ilə yaradılmış əsərlər də mövcuddur.
Sərgi iyunun 17-dək davam edəcək.