REGİONLAR
Naxçıvanda Mülki Müdafiə Alayının gənc əsgərləri Vətənə sədaqət andı içiblər
Naxçıvan, 9 fevral, AZƏRTAC
Fevralın 9-da Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin hərbi andiçmə mərasimi olub.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himninin sədaları altında üçrəngli bayrağımız meydana gətirilib.
Sonra gənc əsgərlər Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.
Andiçmə mərasimi başa çatdıqdan sonra bayram mitinqi olub. Alay komandiri, polkovnik-leytenant Azadil Hüseynov hərbi andın əhəmiyyəti barədə danışıb, gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib.
Mərasimdə çıxış edən leytenant Polad Maxsudov, kiçik çavuş Elxan Mahmudov, gənc əsgər Aydın Daşdəmirli, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov, Naxçıvan Şəhər Gənclər və İdman idarəsinin rəisi Xəyal Qurbanov və valideyn, Qarabağ qazisi Uğur İbrahimov gənc əsgərləri təbrik ediblər. Çıxışlarda Azərbaycan əsgərinin rəşadət və igidliyindən danışılıb. Əminliklə bildirilib ki, gənc əsgərlər nümunəvi xidməti, təlim-tərbiyəsi ilə hərbi hissənin adını yüksək tutacaq, əsgəri borcu şərəflə yerinə yetirəcək, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmiş insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.
Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov çıxışında Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı şəkildə qorunmasında Silahlı Qüvvələrimizin əhəmiyyətli rolu olduğunu vurğulayıb, gənc əsgərlərə bu müqəddəs işdə uğurlar arzulayıb.
Gənc əsgərlər Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına, hərbi anda həmişə sadiq qalacaqlarına və verilən tapşırıqları yerinə yetirəcəklərinə söz veriblər. Sonra Mülki Müdafiə Alayının şəxsi heyəti hərbi marşın müşayiəti ilə tribuna önündən keçib.
Mərasim Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının konserti ilə başa çatıb.