REGİONLAR
Naxçıvanda Qəmbər Hüseynlinin 100 illik yubileyi qeyd olunacaq
Naxçıvan, 10 noyabr, AZƏRTAC
Noyabrın 11-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyi qeyd olunacaq.
AZƏRTAC xəbər verir ki, yubiley tədbirində bəstəkarın həyat və yaradıcılığı ilə bağlı çıxışlardan sonra onun əsərlərindən ibarət konsert proqramı təqdim ediləcək.
1916-cı il aprelin 16-da Gəncə şəhərində dünyaya gələn Qəmbər Hüseynli qısa həyat və yaradıcılıq yolu keçsə də, milli musiqi sənətimizə təkrarsız və özünəməxsus çalarlar gətirib, öz əsərləri ilə qəlbləri fəth edib. Muğam və el havalarını, aşıq musiqisini, Azərbaycan poeziyasını dərindən mənimsəyən bəstəkar, həm də fitri istedadı sayəsində gözəl mahnılar və romanslar müəllifi kimi tanınıb. Qəmbər Hüseynli professional musiqi tariximizə məhz mahnı bəstəkarı kimi daxil olub, bütün yaradıcılığı boyu bu janrda təkrarolunmaz əsərlər yaradıb. Onun yaradıcılığının inciləri sayılan “İlk məhəbbət”, “Gülə-gülə”, “Ay işığında”, “Dağlar”, “Qonşuda qız sevənin”, “Yar yanında günahkaram”, “Gecələr uzanaydı”, “Düşür yadıma” və digər mahnıları dillər əzbəridir.
Dünyanın 100-dən çox ölkəsində səslənmiş “Cücələrim” nəğməsi isə Azərbaycanda mahnı janrının qızıl fonduna daxil olmuş sənət əsəridir.