REGİONLAR
Naxçıvanda “Sosial Şəbəkə Akademiyası” adlı layihənin təqdimatı olub
Naxçıvan, 6 iyun, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibliyində partiyanın Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyi tərəfindən “Sosial Şəbəkə Akademiyası” adlı layihənin təqdimatı olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, YAP Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev tədbirdə çıxış edərək müasir dövrümüzdə sosial şəbəkələrin vacibliyindən, onların ictimaiyyətə, cəmiyyətə və xüsusilə gənclərə təsirindən, sosial şəbəkələrdən düzgün istifadə etmə vərdişlərinin formalaşdırılmasının əhəmiyyətindən söz açıb.
“Sosial Şəbəkə Akademiyası” layihəsi barədə məlumat verən Cəbi Quliyev bildirib ki, layihə çərçivəsində gənclərə sosial şəbəkələrin müsbət tərəfləri aşılanmaqla yanaşı, həm də Naxçıvanın təqdim edilməsi ilə bağlı müvafiq işlər aparılacaq. https://az.wikipedia.org virtual ensiklopediya saytına məlumatların yüklənməsi və daxil olan məlumatların yenilənməsi üçün “Sosial Şəbəkə Akademiyası” nəzdində keçirilən təlim də bu məqsədə xidmət edir.
Sonra YAP Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin üzvü Elvin Əliyev sayt barədə məlumat verib, sayta məlumatların daxil olunması, yenilənməsi qaydalarını izah edib. Təlimin sonunda Naxçıvan şəhərində yerləşən əvvəlcədən müəyyən edilmiş yerlər haqqında məlumatlar iştirakçılar tərəfindən sayta yerləşdirilib.
Qeyd edək ki, təlimdə YAP Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin 45 üzvü iştirak edib.