REGİONLAR


Naxçıvanda “Təbiəti qoruyaq” adlı ekskursiyalar təşkil olunur

Naxçıvan, 10 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin məktəblilərin yay tətilini səmərəli keçirmələri ilə bağlı tədbirlər planına əsasən, nazirliyin tabeliyində olan məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvlərinin Nəbatat bağına ekskursiyası təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Təbiəti qoruyaq” adı altında keçirilən ekskursiya təbiəti qorumaq ideyasını şagirdlərə aşılamaq məqsədi daşıyır.

Şagirdlər Nəbatat bağında Avstraliyanın, Afrikanın, Amerikanın, Aralıq dənizi ölkələrinin, Cənub-Şərqi Asiyanın, Orta Asiyanın, Uzaq Şərqin, Qafqazın zəngin flora nümunələri ilə tanış olublar.

Ekoloji Tərbiyə Mərkəzinin dərnək rəhbəri Zöhrə Nəbiyeva qeyd edib ki, bağın nadir bitkilər kolleksiyası sahəsində Azərbaycan və Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitab”larına daxil edilmiş bəzi bitki növləri mövcuddur. Burada ayrı-ayrı flora nümunələri üçün sahələr, təcrübə yerləri, nadir bitkilər kolleksiyası, tingçilik sahələri, həmçinin meyvə genofondu bağı mövcuddur. Bu da yerli və məhsuldar toxum sortlarının bərpası baxımından mühüm əhəmiyyət daşıyır.

Vurğulanıb ki, Nəbatat bağında respublikamızda bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədilə Azərbaycanda və xarici ölkələrdə bitən bəzək, dərman, efiryağlı və digər faydalı bitkilərin introduksiyası və iqlimləşdirilməsi, bitki genofondunun, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitkilərin çoxaldılması istiqamətində geniş elmi-tədqiqat işləri aparılır.

“Naxçıvan misilsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir. Onun gözəl təbiəti, iqlimi, torpağı, bitki örtüyü, heyvanlar aləmi son dərəcə müxtəlif və rəngarəngdir”, - deyən Zöhrə Nəbiyeva bildirib ki, muxtar respublikada təbii sərvətlərin mühafizəsinə, onlardan səmərəli istifadəyə, ətraf mühitin qorunmasına, yaşıllıqların artırılmasına xüsusi diqqət yetirilir.

Azərbaycan florası ilə bərabər müxtəlif ölkələrin təbiətinə xas bir çox bitki və ağac növləri ilə tanışlıq, əsrarəngiz yaşıllıq dərnək üzvlərində xoş ovqat yaradıb. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.