SİYASƏT
Naxçıvanda Yeni ilin gəlişi münasibətilə bayram şənlikləri keçirilib
Naxçıvan, 1 yanvar, AZƏRTAC
Müstəqil Azərbaycanın dinamik inkişafı və ölkəmizdəki mövcud sabitlik qarşıladığımız 2015-ci ildə də uğurlu nailiyyətlərin qazanılmasına əminlik yaradır. Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi Azərbaycanı və onun Naxçıvan Muxtar Respublikasını daha xoş günlərə qovuşduracaqdır. Bu gün muxtar respublika sakinlərinin birlik və həmrəylik duyğularının, Yeni il sevinclərinin qayəsində də Ulu Öndərin siyasi xəttinə sonsuz inam və sədaqət dayanır. Muxtar respublikanın qurub-yaratmaq əzmi ilə yaşayan əhalisi Yeni ili bayram sevinci ilə qarşılayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 1-də ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikanın şəhər və rayon mərkəzlərində də bayram şənlikləri keçirilib.
Naxçıvan şəhərinin sakinləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün və Yeni ilin təntənəli qeyd olunması üçün ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan prospektdəki mərkəzi meydanda təşkil olunan bayram şənliyinə toplaşıblar. Yeni ilin gəlişini tərənnüm edən mahnıların səslənməsi, Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklərin göstərilməsi şənliyə gələnlərdə xoş ovqat yaradıb, Şaxta babanın, Qar qızın yolka ətrafında çıxışları, payladıqları hədiyyələr balacalara əsl bayram sevinci bəxş edib.
Mərkəzi meydanın bir hissəsində 40-dan artıq istehsal və xidmət müəssisəsi tərəfindən şəhər sakinlərinə ictimai-iaşə xidməti göstərilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyinin keçirildiyi mərkəzi meydana gəlib, şəhər sakinlərini Yeni il münasibətilə təbrik edib.
Ali Məclisin Sədri ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb, uşaqlarla söhbət edib və onlara hədiyyələr verib.
Yeni il şənliyi bayram günlərində davam etdiriləcək.