REGİONLAR
Naxçıvanda altı ayda ÜDM istehsalının həcmi 1 milyard 310 milyon manatı ötüb
Naxçıvan, 29 iyul, AZƏRTAC
Bu ilin birinci yarımilində muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 310 milyon 168 min 700 manat olub ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,1 faizlik payla sənaye sahəsi tutub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında səsləndirilib.
İclasda “2020-ci ilin 6 ayının yekunları və qarşıda duran vəzifələr” mövzusunda çıxış edən nazir Tapdıq Əliyev bildirib ki, bu ilin 6 ayı ərzində sənaye məhsulu istehsalının həcmi 1 faiz, əsas kapitala yönəldilən investisiyaların həcmi 1,4 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 3,4 faiz, xarici ticarət dövriyyəsi 1,6 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 18,2 faiz artıb.
Diqqətə çatdırılıb ki, muxtar respublikada cari ilin birinci yarısında qaynaq çubuğu, su əsaslı boya, plastik səbət, mineral sular, soyuducu anbar, istixana, heyvandarlıq təsərrüfatlarını əhatə edən 12-si özəl investisiyalı olmaqla, 81 istehsal və xidmət sahəsi istifadəyə verilib, yeni yaradılan sahələrdə 352 iş yeri açılıb. Bundan başqa, xalçatoxuma, kömür istehsalı, yun və boyaq bitkilərinin tədarükü, süd emalı, heyvandarlıq, bağçılıq, quşçuluq, arıçılıq təsərrüfatları, soyuducu anbar və müxtəlif xidmətlər üzrə 38 sahənin yaradılması davam etdirilir.
Nazir qeyd edib ki, cari ilin ötən dövrü ərzində fəaliyyəti genişləndirilən “Gəmiqaya Plastmas Kapsul və Qapaq” və “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli cəmiyyətləri, eləcə də yenidən qurulan “Badamlı” Mineral Sular Zavodu yeni iş yerlərinin açılması istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter daşıdığının əyani ifadəsidir.
Bildirilib ki, cari ilin ilk 6 ayı ərzində “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni müəssisənin və Duzdağda yeni şaxtanın tikintisi gələcəkdə bu məhsula olan tələbatın yüksək səviyyədə ödənilməsinə və Naxçıvan duzunun şöhrətinin qorunub saxlanılmasına şərait yaradacaq.
“Bu ilin 6 ayı ərzində muxtar respublikada 561 milyon 563 min 200 manat dəyərində sənaye məhsulu istehsal edilib, 152 milyon 23 min 700 ABŞ dolları dəyərində sənaye məhsulu ixrac olunub. Yeni istehsal sahələrinin yaradılması istiqamətində cari ilin ilk yarısında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 62 layihənin maliyyələşdirilməsinə 7 milyon 42 min manatdan çox güzəştli kreditlər ayrılıb”, - deyən Tapdıq Əliyev bildirib ki, ailə təsərrüfatlarının çoxsahəli fəaliyyətinin yaxşılaşdırılması məqsədilə 2020-ci ilin ötən dövründə 26 ailə təsərrüfatına 231 min 600 manat dövlət maliyyə dəstəyi göstərilib, Türkiyə Respublikasında keçirilən kənd təsərrüfatı və heyvandarlıq üzrə avadanlıqların virtual sərgisində ailə təsərrüfatlarının iştirakı təmin olunub. Cari ilin ilk 6 ayında əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə tutumu 2700 ton olan 2 soyuducu anbarın yaradılması, bir soyuducu anbarın genişləndirilməsi başa çatdırılıb.
Nazir qeyd edib ki, kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı da diqqətdə saxlanılıb, 27 heyvandarlıq təsərrüfatının yaradılması, 14 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 8 heyvandarlıq təsərrüfatının yaradılması, 3 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Cari ilin ilk yarımilində 8 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 7 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi işləri isə davam etdirilib. Təsərrüfat subyektlərinə bu ilin 6 ayı ərzində 260 min 600 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 8,1 faiz çoxdur.
Vurğulanıb ki, etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb, 2020-ci ilin ilk yarımilində muxtar respublikadan 40 milyon 629 min 800 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.
Tapdıq Əliyev deyib: “İxrac ili” elan olunan 2020-ci ilin 6 ayı ərzində muxtar respublikanın xarici ticarət dövriyyəsi 222 milyon 735 min 500 ABŞ dolları təşkil edib. Ticarət əməliyyatlarının 86,5 faizi ixracın, 13,5 faizi idxalın payına düşüb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi artıb, 162 milyon 571 min 500 ABŞ dolları dəyərində müsbət saldo yaranıb”.
Muxtar respublikanın ixrac imkanlarından bəhs edən Tapdıq Əliyev diqqətə çatdırıb ki, bu ilin ötən dövrü ərzində pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, muxtar respublikada istehsal olunan vafli məhsulları, tütün məmulatları, sement, travertin, mərmər, mebel məmulatları, mineral sular 11 ölkəyə ixrac olunub.
Sonra məruzə ətrafında çıxışlar olub.