SİYASƏT
Naxçıvanda bayram şənlikləri keçirilib
Naxçıvan, 1 yanvar, AZƏRTAC
Hər açılan səhərin, qarşılanan Yeni ilin insan həyatına xoş ovqat bəxş etməsi həm də ölkədəki inkişaf və sabitliklə bağlıdır. Bu gün doğma Azərbaycanımız və onun Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir, insanlar rahat və firavan yaşayırlar. Bu inkişaf və tərəqqinin nəticəsidir ki, muxtar respublikanın sakinləri 2017-ci ili sevinc və fərəhlə, qurub-yaratmaq əzmi ilə qarşılayırlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 1-də Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki mərkəzi meydanda Yeni ilin gəlişi münasibətilə bayram şənliyi təşkil olunub.
Bayram şənliyində mahnılar səslənib, Naxçıvan Dövlət Uşaq Teatrı aktyorlarının ifasında səhnəciklər təqdim edilib. Meydanda muxtar respublikada fəaliyyət göstərən istehsal və xidmət müəssisələri tərəfindən əhaliyə ictimai-iaşə xidmətləri də göstərilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyində iştirak edib, ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb.
Ali Məclisin Sədri sakinləri təbrik edib, uşaqlara hədiyyələr verib.