REGİONLAR
Naxçıvanda baytarlıq xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
Naxçıvan, 28 fevral, AZƏRTAC
Son illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin həcmi və coğrafiyası daha da genişlənib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikanın Dövlət Baytarlıq Xidmətində “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrasına həsr edilmiş iclasda bu barədə danışılıb.
Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov bildirib ki, muxtar respublika üzrə heyvanların, quşların, arı ailələrinin sayının artması, həmçinin Naxçıvanın yerləşdiyi coğrafi mövqe baytarlıq xidmətinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsini zərurətə çevirdiyindən 2020-ci il fevral ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən müvafiq dövlət proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalanıb. Dövlət proqramının əsas məqsədi kənd təsərrüfatı heyvanlarının bütün xəstəliklərinə qarşı lazımi baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi ilə yanaşı, heyvan mənşəli qida məhsullarının ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanılması, daşınması, dövriyyəsi və daxili tələbatın yerli, ekoloji təmiz məhsullar hesabına təmin edilməsidir.
Xidmətin rəisi bildirib ki, dövlət proqramında süni mayalanma işinin səmərəliliyinin artırılması məqsədilə keyfiyyətli toxum bankının yaradılması, bu sahə üzrə mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, səyyar süni mayalanma xidmətinin göstərilməsinə diqqət daha da artırılacaq.
Sonda məruzə ətrafında çıxışlar olub.