REGİONLAR


Naxçıvanda bədii gimnastika üzrə açıq birincilik keçirilib

Naxçıvan, 5 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası və Təhsil Nazirliyinin təşkilatçılığı ilə bədii gimnastika üzrə federasiyadaxili açıq birincilik başa çatıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilən müsabiqədə yeni yaradılan Bədii gimnastika dərnəyinin və “Xatun” Bədii Gimnastika Klubunun üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev muxtar respublikada gənc nəslə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, şagirdlərin sağlam həyat tərzinin, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması və asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzindədir. Bu gün muxtar respublikada yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində idman klubları yaradılıb. Hazırda muxtar respublikada yeni yaradılan gimnastika üzrə idman klubları və innovativ dərnəklərdə, ümumilikdə, 50-dən çox uşaq və yeniyetmə məşğul olur. Son illər bu idman növünə göstərilən diqqətin nəticəsidir ki, məktəbdənkənar təhsil müəssisələrində yeni yaradılan gimnastika dərnəklərinə üz tutan şagirdlərin sayı xeyli artıb. Bu gün keçirilən tədbirin məqsədi də uşaq və yeniyetmələrin gimnastika idman növünə marağını artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və xüsusi bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Bədii gimnastika açıq birinciliyinin şərtlərinə əsasən iştirakçılar fərdi qaydada yarışıblar. Hər bir gimnasta çıxış etmək üçün 2 dəqiqə vaxt verilib. Yarışda iştirakçılar hərəkətlərini musiqi müşayiəti ilə alətsiz, ip, halqa, top və lentlərlə icra ediblər.

Gimnastların yarışda göstərdikləri nəticələr nəzərə alınaraq münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun nəticələrə əsasən müsabiqədə hərəkətləri düzgün icra edən iştirakçılar qalib elan olunub.

Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.