REGİONLAR
Naxçıvanda beynəlxalq şahmat turnirinin açılış mərasimi olub
Naxçıvan, 8 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş beynəlxalq şahmat turnirinə start verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhərində yerləşən Şahmat Mərkəzində keçirilən açılış mərasimində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov çıxış edərək şahmatçıları salamlayıb. Qeyd edib ki, Naxçıvanda hər il ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən ənənəvi beynəlxalq şahmat turniri keçirilir. Məlum pandemiya səbəbindən beynəlxalq şahmat festivalı öncəki illərdə təşkil olunmayıb. Lakin bu il yenidən turnirə startın verilməsi və çoxsaylı şahmatçının, eləcə də valideynlərin, şahmatsevərlərin yarışa maraq göstərməsi sevindirici haldır.
Federasiya sədri vurğulayıb ki, anadan olmasının 99-cu il dönümünü qeyd etdiyimiz Ümummilli Liderin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir və beynəlxalq şahmat turnirinin də Ulu Öndərin adı ilə bağlı olması böyük əhəmiyyət kəsb edir. Seymur Talıbov çıxışının sonunda beynəlxalq şahmat turnirinin hər bir iştirakçısına uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Ramil Hacı çıxış edərək Naxçıvanın şahmat mərkəzi olmasını, eləcə də turnirin əhəmiyyətini yarış iştirakçılarının diqqətinə çatdırıb, iştirakçılara uğurlar arzulayıb. Turnirin baş hakimi Emin Hacıyev isə turnirin qaydaları və reqlamenti barədə ətraflı məlumat verib.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov və Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Ramil Hacı şahmat taxtası üzərində ilk rəmzi gedişi ediblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən və mayın 14-dək davam edəcək beynəlxalq turnirdə Azərbaycan, İran, Türkiyə və Ukraynadan olmaqla, ümumilikdə 214 zəka sahibi mübarizə aparır. Reqlamentə əsasən, turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Hər bir şahmatçıya FIDE standartı ilə 90 dəqiqə vaxt verilir. Birinci gedişdən başlayaraq, hər gedişdən sonra 30 saniyə əlavə olunur. Turnirdə yerlər toplanmış xalların cəminə görə müəyyən ediləcək. İki və ya daha çox şahmatçı eyni xal toplayarsa, yerlər əlavə göstəricilərə əsasən müəyyən olunacaq. Turnirdə muxtar respublikanı 81 zəka sahibi təmsil edir.