REGİONLAR


Naxçıvanda bu günədək 4 min 178 kiçik dövlət müəssisə və obyekti xüsusi mülkiyyətə verilib

Naxçıvan, 21 sentyabr, AZƏRTAC

Muxtar respublikada həyata keçirilən uğurlu islahatlar çərçivəsində özəlləşdirmənin sürətləndirilməsi, bu sahəyə iş adamlarının aktiv şəkildə cəlb edilməsi, o cümlədən özəlləşdirilən müəssisələrin müasir əsaslarla yenidən qurulması və fəaliyyətinin genişləndirilməsi, özəlləşmənin iqtisadiyyatın inkişafına təsirinin artırılması əsas prioritetlərdəndir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu vəzifələri yerinə yetirmək üçün nazirlik tərəfindən tədbirlərin həyata keçirilməsini davam etdirilir. Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində indiyədək sənaye, ticarət, nəqliyyat və digər xidmət sahələrində 4 min 178 kiçik dövlət müəssisə və obyekti xüsusi mülkiyyətə verilib, 55-ə yaxın orta və iri müəssisə səhmdar cəmiyyətlərinə çevrilib.

2021-ci ilin ötən dövründə 4 obyekt və 34 nəqliyyat vasitəsinin özəlləşdirilməsindən 359 min manat, ümumilikdə, özəlləşdirmə prosesi başlayandan bu günə kimi isə 20 milyon 812 min manat qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinə və təşkilatların hesabına köçürülüb.

Bu gün muxtar respublikanın kəndlərində müasir sosial obyektlərlə yanaşı, həm də xidmət mərkəzləri istifadəyə verilir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamının icrası ilə əlaqədar olaraq dövlət mülkiyyətində olan xidmət mərkəzləri və su dəyirmanlarının balansa alınması istiqamətində tədbirlər görülüb, cari ilin ötən dövründə 2 su dəyirmanı, 3 xidmət mərkəzi olmaqla, ümumilikdə, 6 su dəyirmanı və 148 xidmət mərkəzi nazirliyin balansına alınması təmin edilib. Xidmət mərkəzləri üzrə 427, tоrpaq və qeyri-yaşayış sahələri üzrə sahibkarlarla, ümumilikdə, 277 icarə müqaviləsi bağlanıb.

Həmçinin xidmət mərkəzi istifadəyə verilib, kəndlərdə aparılan kompleks quruculuq işləri məişət və ticarət xidmətlərinin də günün tələbinə uyğun təşkili təmin edilib. Xidmət mərkəzində bərbərxana və ərzaq-sənaye malları mağazası fəaliyyət göstərir, mağazada ərzaq məhsullarının, gündəlik tələbat və təsərrüfat mallarının satışı təşkil olunub. Özəlləşdirmə əhalinin məşğulluğunun təmin edilməsində də əhəmiyyətli rol oynayıb, yaradılan xidmət mərkəzlərində 500-dən çox nəfər işlə təmin edilib.

2021-ci ilin ötən dövrü ərzində muxtar respublikada dövlət əmlakı olaraq 19 tikili və torpaq sahəsinin texniki pasportu hazırlanıb, ümumilikdə, muxtar respublika üzrə 2545 obyekt texniki pasportla təmin olunub.

Bir sözlə, iqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi muxtar respublikada bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə əsaslı zəmin yaradıb. Muxtar respublikada iqtisadi islahatların tərkib hissəsi kimi dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinin uğurla həyata keçirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin bərqərar olunmasına və insanların həyat tərzinə böyük təsir göstərib. Özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaqdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin müasir dövrün tələblərinə uyğun şəkildə bundan sonra da davam etdirilməsi muxtar respublika iqtisadiyyatının daha sürətlə inkişafına imkan yaradacaq, dövlət əmlakından səmərəli istifadəsini təmin edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.