REGİONLAR
Naxçıvanda bu il 2 istixana təsərrüfatı və 6 soyuducu anbar yaradılıb
Naxçıvan, 22 oktyabr, AZƏRTAC
Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə yanvar-sentyabr aylarında 2 istixana təsərrüfatı və 6 soyuducu anbar yaradılıb, 2 istixana təsərrüfatı isə genişləndirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikada meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası bu sahənin yeni inkişaf mərhələsinə qədəm qoymasına yol açıb. Meyvəçiliyin inkişafını stimullaşdırmaq məqsədilə göycə məhsullarının satış yarmarkası keçirilib. Ötən müddətdə üzümçülüyün inkişafı məqsədilə yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması davam etdirilib.