REGİONLAR


Naxçıvanda bu ilin birinci yarısında qanunvericiliyin tələblərini pozan 76 əcnəbi aşkarlanıb

Naxçıvan, 9 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında insan hüquq və azadlıqlarına daim diqqətlə yanaşılır və qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparılır. Belə ki, bu ilin birinci yarısında miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozan 76 əcnəbi aşkarlanıb, həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bunu muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində keçirilən kollegiya iclasında xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev bildirib. O qeyd edib ki, bu gün muxtar respublikaya gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı, yaşama icazələrinin verilməsi, vətəndaşlıq məsələlərinin həll edilməsi, eləcə də əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi, miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqi, qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri uğurla həyata keçirilir. Xidmət əməkdaşları muxtar respublikada miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, mexanizmlər əsasında idarə olunması üçün səylə çalışırlar.

Bildirilib ki, muxtar respublikada qanunvericiliyin tələblərini pozmuş və ölkə hüdudlarından kənara çıxarılması nəzərdə tutulmuş bir əcnəbi öz ərizəsi əsasında 3 azyaşlı övladı ilə birgə könüllü olaraq xidmətin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilib.

“Hesabat dövrü ərzində 4227 müraciət daxil olub. Daxil olan müraciətlərdən 3540-ı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə əlaqədardır”, - deyən Şahin Nəbiyev qeyd edib ki, həmin müraciətləri qanunauyğun qaydada baxılıb.

Kollegiya iclasında vurğulanıb ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq muxtar respublika ərazisində fəaliyyət göstərən sahibkarlarla maarifləndirici tədbir keçirilib. Belə tədbirlərinin əsas məqsədi sahibkarlıq subyektlərinə əcnəbi işçilərin cəlb edilməsi və bu sahədə kadr hazırlığının əhəmiyyətinin artmasıdır. Həmçinin “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, turizmin inkişafı üçün sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, sərhəd-buraxılış məntəqələrində sürətli keçidin təmin edilməsi Dövlət Miqrasiya Xidmətinin prioritet istiqamətlərindən birinə çevrilib, bu istiqamətdə də tədbirlər uğurla həyata keçirilir.

Sonra məruzə ətrafında çıxışlar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.