REGİONLAR
Naxçıvanda bütün maliyyə mənbələrindən əsas kapitala 564 milyon 609 min manat vəsait yönəldilib
Naxçıvan, 29 iyul, AZƏRTAC
Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. Bu istiqamətdə muxtar respublikada 2021-ci ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 564 milyon 609 min manat vəsait yönəldilib. Bu da bir il öncəki göstəricidən 0,4 faiz çoxdur. Bu göstərici ölkənin digər iqtisadi rayonları ilə müqayisədə Naxçıvan Muxtar Respublikasında əsas kapitala vəsait qoyuluşlarının həcminin daha çox olduğunu deməyə əsas verir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, vəsait qoyuluşlarının 542 milyon 11 min manatı və ya 96 faizi tikinti-quraşdırma işlərində istifadə edilib. Bu da bir il öncəki göstəricidən 0,8 faiz çoxdur.
Muxtar respublikada 2 yaşayış binasının tikintisi başa çatdırılıb, 1 yaşayış binasının tikintisi, 12 yaşayış binasının yenidən qurulması davam etdirilib. Bundan əlavə, Naxçıvan şəhərində tələbə yataqxanasının yenidən qurulması başa çatdırılıb, “Gənclər Yaşayış Kompleksi”nin tikintisi davam etdirilib.