REGİONLAR


Naxçıvanda çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola salınıb

Naxçıvan, 14 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 3 sentyabr 2021-ci il tarixdə imzaladığı Sərəncamın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çağırışçıların yola salınması mərasimi keçirilib.

Muxtar respublikanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Mirzə Cəlilov şanlı Zəfər tariximiz olan 44 günlük Vətən müharibəsindən bəhs edib. Xidmət rəisi Qələbənin əhəmiyyətini bir daha vurğulayaraq bu gün Ordumuzun şəxsi heyətinin əksəriyyətinin gənclər olduğunu, onların döyüş meydanında öz fədakarlıqları, igidlik və şücaətləri ilə Azərbaycan gənclərinin yenilməzliyini, mübarizliyini, qorxmazlığını, Vətənə, dövlətə və Ali Baş Komandana sadiqliyini sübut etdiklərini diqqətə çatdırıb. Bu gün yola salınan gənc çağırışçıların da qalib Azərbaycan Ordusunun sıralarında sədaqətlə xidmət edərək sərhədlərimizi göz bəbəyi kimi qoruyacağına əminliyini bildirən xidmət rəisi bu çətin və bir o qədər də şərəfli yolda hər bir gəncə uğurlar arzu edib.

Sonra Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış və çağırışqabağı hazırlıq şöbəsinin rəisi, mayor Vüsal Əliyev, Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov, gənclər və idman nazirinin müavini Mirməcid Seyidov və təhsil nazirinin müavini Ovni Muradov çıxış edib. Çıxış edənlər gənc çağırışçılara qanla qazanılan Qələbəmizi daim mühafizə etməyi, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, hərbi xidmət dövründə nizam-intizamlı olmağı, hərbi texnikanın sirlərinə mükəmməl yiyələnməyi, əcdadlarının keçdiyi şərəfli yolu qürurla davam etdirməyi tövsiyə ediblər.

Çağırışçı Cavid Babayev bu gündən Azərbaycan əsgəri adını daşıyacağı üçün fəxr etdiyini bildirib. O, Vətənin bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, şəhidlərimizə dərin ehtiramını bildirib, valideynlərini və tədbir iştirakçılarını əmin edib ki, digər əsgərlərimiz kimi, o da hərbi xidmətini ləyaqətlə yerinə yetirəcək, torpaqlarımızı mərdliklə qoruyacaq, Azərbaycan əsgəri adını uca tutacaqdır.

Çağırışçılar həkim komissiyasından keçdikdən sonra yola düşüblər.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların xidmət yerlərinə göndərilməsi və nəzərdə tutulmuş xidmət müddətini keçərək ehtiyata buraxılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyatda olan hərbi vəzifəlilərin qeydiyyatına alınması prosesi oktyabrın 30-dək davam edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.