REGİONLAR
Naxçıvanda çimərlik mövsümünə start verilib
Naxçıvan, 15 iyun, AZƏRTAC
Uzunoba İstirahət Mərkəzində növbəti çimərlik mövsümünün başlanması münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə Gənclər və idman naziri Azad Cabbarov və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov 15 İyun – Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik ediblər. Çıxışlarda bildirilib ki, muxtar respublikada bütün sahələrdə insanların rahatlığının təmin edilməsi, isti yay günlərində yerli sakinlərin və qədim diyara gələn turistlərin istirahətinin səmərəli təşkili üçün müvafiq tədbirlər görülür, yeni xidmət sahələri və istirahət guşələri istifadəyə verilir. Belə istirahət yerlərindən biri də Uzunoba Su Anbarında yaradılan çimərlikdir. Çimərlik istirahət zonasında su və digər idman növləri üzrə yarışların, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.
Çıxış edənlər bu il aprelin 3-də istifadəyə verilən Uzunoba Təlim-Məşq İdman Kompleksinin əhəmiyyəti barədə də danışıblar. Qeyd olunub ki, aktiv şəkildə fəaliyyət göstərən idman mərkəzinin çimərliyə çox yaxın ərazidə yerləşməsi əhalinin paralel olaraq çimərlik futbolu ilə məşğul olması, bu növün inkişafı üçün əlavə imkanlar açır. Bir sözlə, Uzunoba gölü ətrafındakı bu obyektlər insanların sağlam həyat tərzi və səmərəli istirahətinə xidmət edir.
Sonra yeni mövsümdə Naxçıvan şəhər çimərliyində həyata keçirilən tədbirlər barədə məlumat verilib, burada göstəriləcək təhlükəsizlik xidmətlərindən danışılıb.
Qeyd edək ki, çimərlik ərazisində nümunəvi xidmətin təşkili məqsədilə abadlıq və quruculuq işləri görülüb. Bura əlavə olaraq 465 kubmetr qum verilib, əşyaların saxlanılması üçün 100 nəfərlik dəmir dolab qoyulub, 8 duş-kabinəsi yerləşdirilib, 4 pedallı su qayığı gətirilib, 41 çətir qurulub, 16 şezlonq, 2 yelləncək, 7 stol, 40 stul qoyulub və açıq istirahət köşkləri yaradılıb. Təhlükəsizlik tədbirləri də diqqətdə saxlanılıb. Fövqəladə Hallar Nazirliyinin 6 nəfərdən ibarət xilasetmə qrupu ərazidə xidmət aparacaq. Burada böyüklər və uşaqlar üçün nəzərdə tutulmuş iki çimərlik var. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub.
Çimərlik saat 10:00-dan 19:00-dək, kafe-restoran isə gecə saatlarınadək fəaliyyət göstərəcək.